“Konstitusiya” Araşdırmalar Fondu Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondunun “Hüququn Üstünlüyü və Demokratiyanın Təşviqi” Proqramı üzrə “Dövlət orqanları tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin idarəetmə, şəffaflıq və keyfiyyətinin artırılması” layihəsini həyata keçirir.
Layihənin məqsədi Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012 il tarixli Fərmanı ilə yaradılması nəzərdə tutulan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin ən yaxşı qabaqcıl təcrübəyə və müasir standartlara uyğun qurulmasına yardım göstərilməsi, bu mərkəzlərin fəaliyyəti ilə bağlı əhalinin məlumatlandırılmasıdır.
Layihə çərçivəsində “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən “Vahid pəncərə” modeli əsasında dövlət və bələdiyyə xidmətlərinin göstərilməsi ilə bağlı Brazilya, Almaniya, Kanada, Böyük Britaniya, Yunanıstan təcürbəsi öyrənilib. Həmçinin, MDB ölkələrindən Rusiya, Qazaxıstan, Qırğızıstan təcrübəsində “vahid pəncərə” modelinin necə fəaliyyət göstərdiyi araşdırılıb. Beynəlxalq təcrübənin öyrənilməsi əsasında ən yaxşı nümunələrin Azərbaycanda tətbiqi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin müasir standartlara uyğun qurulması məqsədilə Təkliflər paketı hazırlanıb.
Təkliflər Paketinə “ASAN xidmət” mərkəzlərinin işinin asanlığının qiymətləndirilməsi ilə bağlı meyarlar, ilk vaxtlarda hansı xidmətlərin göstərilməsi, xidmət standartları, Mərkəzlərin yerləşməsi, təşkili, onlayn xidmər göstərilməsi, telefon-məsləhət xidmətinin təşkili, iş yükü ilə bağlı konkret tövsiyyələr daxildir. Eyni zamanda Mərkəzlərə müraciət edəcək vətəndaşların rahatlığının təmin olunması ilə bağlı hansı zəruri standartlara riayət olunması barədə təkliflər də bu paketdə əks olunub.
Eyni zamanda Fond tərəfindən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və “ASAN xidmət” mərkəzlərinin Əsasnamələrinin layihələri hazırlanaraq Prezident Admnistrasiyasına təqdim edilmişdi.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 06 iyul 2012-ci il tarixdə imzalanan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərmanda həmçinin, dövlət başçısı tərəfindən Agentliik haqqında Əsasnamədə, “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydalarında Fondun təkliflərinin əksəriyyəti nəzərə alınıb. Agentliyin fəaliyyətinin qurulması, “ASAN xidmət” mərkəzlərinin göstərəcəyi xidmət növlərinin siyahısı, mərkəzlərin xidmət fəaliyyətinin təşkili və xidmət göstərilməsi ilə bağlı standartlarla bağlı təkliflər qəbul olunan sənədlərdə öz əksini tapıb.
“Konstitusiya” Araşdırmalar Fondu tərəfindən bu Azərbaycan Respublikası Prezidenti Admnstrasiyasınım ilə vətəndaş cəmiyyəti ilə əməkdaşlığının uğurlu nümunəsi kimi qiymətləndirilir.
Artıq Fondun həyata keçirdiyi layihə çərçivəsində “Vahid pəncərə” modeli əsasında dövlət xidmətlərinin göstərilməsi və “ASAN xidmət” mərkəzlərinin necə fəaliyyət göstərəcəyi ilə bağlı əhalinin məlumatlandırılması məqsədilə ANS TV-nin efirində yayımlanan “İqtisadi Forum” verilişinin bir buraxılışı bu mövzuda çəkilib. Veriliş efirə, 8 sentyabrda, şənbə günü saat 13.20-də efirə veriləcək Eyni zamanda iki regional kanalda da bu mövzuda verilişlərin hazırlanması nəzərdə tutulub.