Bakı Apellyasiya Məhkəməsi AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidovun həbs müddətinin uzadılmasından verilən şikayəti təmin etməyib. Məlumatı “Media forum” saytına vəkil Əsabəli Mustafayev verib.
Elnur Seyidovu martın 27-də Milli Təhlükəsizlik Nazirliyi həbs edib. O, dələduzluqda ittiham olunur. Avqustun 30-da Səbail Rayon Məhkəməsi onun həbs müddətini daha üç ay uzadıb.
“Media forum”a açıqlamasında Əsabəli Mustafayev deyib ki, sentyabrın 6-da hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesə Elnur Seyidovu da gətiriblər: “Həbs müddətinin uzadılmasının qanunsuz olduğunu bildirdik və bununla bağlı dəlillərimizi, arqumentlərimizi sadaladıq. Bunları apellyasiya şikayətində də göstərmişdik. Elnur Seyidovla bağlı heç bir istintaq hərəkəti aparılmadığı dövrdə onun həbsdə saxlanmasına, həbs müddətinin uzadılmasına ehtiyac yox idi. Həm də Elnur Seyidov ağır xəstədir, onun həbsdə saxlanması humanizim prinsiplərinə ziddir. Elnur Seyidovun həbs müddətinin uzadılması haqda qərarın ləğvini və onun azadlığa buraxılmasını istəmişdik. Arqumentlərimizi söyləməyimizə baxmayaraq hakim şikayəti təmin etmədi”.
Vəkil bildirib ki, məhkəmənin qərarı onlar üçün gözlənilməz olmayıb: “Həbsdə olduğu müddətdə Elnur Seyidovun səkkiz məhkəməsi keçirilib. Amma bir dəfə də onun xeyirinə qərar verilməyib. Biz vəkillər məhkəmədə bəzən saatlarla danışır, arqumentlərimizi deyir, faktlar göstərir, həbsin qanunsuz olduğunu əsaslandırırıq. Dövlət ittihamçısı isə heç beş dəqiqə çıxış etmir. Amma məhkəmə elə hey dövlət ittihamçısının istədiyi formada qərar çıxarıb”.