“Oğlumun qanını batırmaq istəyirlər”

 

Polis vəhşiliyinin qurbanı olmuş Elvin Əsgərovun anası Nizami rayonunun polis rəisinin cavabını verdi

Son günlər mətbuatın əsas müzakirə mövzularından biri polis vəhşiliyinin qurbanı olmuş Elvin Əsgərovla bağlıdır. Rəsmi qurumlar bu ölümü guya, Elvinin birdən-birə üç polisi bıçaqlayıb qaçarkən yıxılmasıyla izah edirlər. Ailəsi isə bu barədə deyilənləri cəfəngiyyat adlandırır və 31 yaşlı gəncin qanının batırılmasına cəhd kimi qiymətləndirir. Normal məntiq də hadisənin polisin təqdim etdiyi formada baş verdiyinə inanmağa imkan vermir.

Mərhumun ailə üzvləri əmindir ki, Elvin polis zorakılığı nəticəsində dünyasını dəyişib. Nizami Rayon Polis Idarəsinin rəisi, polis polkovniki Nofəl Məhərrəmovun iki gün əvvəlki açıqlaması Elvinin valideynlərini bir qədər də hiddətləndirib. Polis rəisi deyib ki, guya, Çevik Polis Alayı 5-ci patrul bölüyünün əməkdaşları “Neon” şadlıq sarayının qarşısında səs-küy salan gənclərə yaxınlaşaraq onları polis maşınına mindirmək istəyiblər. Bu vaxt Elvin belindəki bıçağı çıxararaq üç polisi bıçaqlayıb, hadisə yerindən qaçmağa çalışıb. Həddən artıq sərxoş olduğundan səkiyə ilişərək yıxılıb və başı daşa dəyib.

“Elvin Əsgərov heç yerdə işləməyib, spirtli içkiyə meylli olub, qeyri-sağlam həyat tərzi keçirib. Əvvəllər məhkum olunmasa da dəfələrlə polislə problemləri olduğu barədə məlumatlar var, idmançı olub, cinayətə meylli şəxs olub, özünü həmişə cinayətkar aləmdə nüfuzu olan şəxs kimi qələmə verməyə çalışıb. Özündən zəifləri incitmək kimi xüsusiyyətlərə malik olan Elvin hər kəsi özünə tabe etmək, yaxud kimlərəsə məsləhət vermək kimi xasiyyətə malik olub. Yanındakılara onu ”ded” deyə çağırmağa vadar edirmiş. Dəfələrlə Rusiyada olması və orada “razborkalar” aparması barədə qeyri-rəsmi məlumatlar da əldə etmişik. Deyilənə görə, Riqa şəhərinə çox gedib-gəlib. Orada onun dayısı yaşayır. Dayısının Riqada cinayətkar aləmdə nüfuzlu şəxs olması bildirilir. Bakıda sabit dairəsi yoxdur” – bunu da polis rəisi deyib.

Elvin Əsgərovun anası Roza Rəfiyeva isə polis rəisinin dediklərinin böhtan olduğunu bildirir: “Bu iftiradır. Bir daha təkrar edirəm, əllərində fakt varsa qoysunlar ortalığa. Elvin heç kəsə təzyiq edərək özünə ”ded” deməyə məcbur etməyib. Canlı-cüssəli idi, amma bu o demək deyil ki, dostlarına qarşı boy-buxunundan istifadə edib. Indi o, dünyasını dəyişib. Hər kəs istədiyi fikri səsləndirir. Qardaşım Riqada yaşayır. Amma heç bir cinayətkar aləmlə əlaqəsi yoxdur. Elvin də Riqaya yalnız ona baş çəkməyə gedib. Kimlərsə Elvinin qanın batırmaqda maraqlıdırlar. Amma buna imkan verməyəcəm. Sona qədər mübarizə aparıb, onun düşmənlərini tapacağam”.

Roza Rəfiyeva oğlunun başına gələnlərlə bağlı yanvarın 25-də mətbuat konfransı keçirmək niyyətindədir.

Ramin DEKO