Ərdoğan o tarixi faktı açıqladı, indi də Çavuşoğlunu açıqlasın

Dünən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan öz ölkəsinin ana müxalifət partiyası olan CHP-yə yüklənərkən 68 il əvvələ gedib və bizim bir çoxumuzun bilmədiyi bir fakta istinad edib.
Sitat: “1945-ci ildə 146 azəri aydın Stalin zülmündən qaçıb Türkiyəyə sığınır. Stalin Türkiyədən bu azərbaycanlıların dərhal qaytarılmasını istəyir. Sərhəddəki polis bölməsindən qaçqınların geri qaytarılması tələb olunur. Polis bölməsinin komandiri əmrin icrasını dəfələrlə yubadır. Ancaq CHP hökumətindən qəti əmr gəlir. Vəziyyəti anlayan azərilər ”Lütfən bizi siz güllələyin, öz bayrağımızın altında bizi öldürün” deyirlər. Ancaq Ankaradan gələn əmr qətidir. Boraltan körpüsünü keçən ziyalılar geri verilir və elə yerindəcə əlləri bağlanıb edam edilir. Polis bölməsi komandirinin bu ələmli mənzərədən sonra intihar edərək özünü öldürdüyü deyilir”.
Rəcəb bəyin dedikləri ilə bağlı Cəmil Həsənlidən Altay Göyüşovacan çeşidli tarixçilərlə danışdım, əksəriyyətimizə məlum olmayan bu faktla bağlı əlavə bilgilər almaq istədim.
Öyrəndiklərim qədəri ilə Ərdoğanın söyləmlərində iki ciddi yanlışlıq var. Birinci, o 146 nəfər ziyalı statuslu şəxslər deyildilər, sıravi mühacirlər idilər.
Ikinci, onlar Stalinin zülmündən Türkiyəyə deyil, Almaniyaya sığınmış, amma Sovetlərin faşizm üzərində qələbəsinin ardından məcburən qardaş dediyimiz, bildiyimiz ölkəyə pənah gətirmişdilər.
Üçüncü bir məqam da var: həmin azərbaycanlıların yenidən SSRI-yə təhvil verilməsi ilə bağlı hər şey Ərdoğanın söylədiyi qədər də sadə deyildi. Türkiyəyə qarşı qalib tarixin ən böyük savaşlarından birindən qalib çıxmış SSRI-nin ciddi təhdidləri, basqıları vardı, o azərbaycanlıların Stalin rejiminə təhvil verilməsində də məhz bu rol oynamışdı. Əlbəttə, bu, həmin hərəkətə bəraət qazandırmır, amma öyrəndiyim qədəri ilə, o dövrdəki Türkiyə hökuməti də təhvil verilən azərbaycanlıların elə sərhəddəcə bu cür aqibətlə üzləşdiyini gözləmirlərmiş.
***
Mən burada “Tarixi-Nadir” açmaq istəmirəm.
Qoy Ərdoğanın açıqladığı, bizim üçünsə yeni olan, çoxumuza naməlum qalan fakt barədə tarixçilərimiz danışsınlar, onlardan bu mövzuda aydınladıcı yazılar gözləyirik.
Mənsə bu mövzuda söhbətin axışını bir az dəyişmək istəyirəm.
***
Ərdoğan CHP-ni 48 il əvvələ dayanan bir faktla vurarkən əlavə edir: “Bax, CHP budur. Bu gün CHP Azərbaycana gedə bilməz. Amma biz Bakıya sinəmizi gərərək gedərik”.
Bir dəqiqə, Rəcəb bəy, məşhur Davos sammitindəki təbirinizlə desək “one minute”!
Siz CHP-ni 48 il əvvəl 146 nəfər azərbaycanlını Stalin rejiminə təslim etməsinə görə suçlayırsınız, amma 9 il əvvəl 9 milyonluq azərbaycanlının monarxiya rejiminə təslim edilməsindəki xidmətlərinizi niyə unudursunuz?
Sinənizi gərərək gələ biləcəyinizi söylədiyiniz bir ölkədə hakimiyyətin atadan oğula ötürülməsi planında yer aldığınızı…
Hələ seçkilərin rəsmi nəticəsi açıqlanmamış, minlərlə azərbaycanlı oğurlanan səsləri uğrunda Bakı küçələrində rejimlə çarpışarkən, döyülüb öldürülərkən, al qana boyadılarkən telefon açıb Ilham Əliyevi təbrik etdiyinizi niyə unudursunuz?
***
Boş verin 48 il əvvəli, Rəcəb bəy…
CHP-ni də keçin.
Başında durduğunuz partiyadan olan Mövlud Çavuşoğlunun nədən illərdən bəridir Azərbaycanın gerçək aydınlarını öldürən, həbslərə atan, sürgünə göndərən, şərləyən, 9 milyonluq bir toplumu öz təməl haqq və azadlıqlarından məhrum edən, milli iradəni ayaqlar altına atan, millətin sərvətlərini yağı kimi yağmalayan bir rejimin müdafiəçisi, sözçüsü kimi çıxış etdiyini anladın.
Siz bu gün rəqibiniz olan bir partiyanın hökuməti dönəmində 164 azərbaycanlıya qarşı edilən haqsızlığı sorğulaya bilərsiniz.
Amma biz də soruşa bilərik, hörmətli Rəcəb bəy, soruşa bilərik ki, 68 il əvvəl 146 nəfərə qarşı edilən haqsızlıq bu gün niyə 9 milyona qarşı edilir? Bu gün niyə Türkiyə hökuməti azərbaycanlıların zülmkar bir rejimə təslim edilməsində səssizdir, təpkisizdir? Hələ üstəlik, o rejimlə qol-boyundur, o rejimin havadarıdır?
Niyə, Rəcəb bəy, niyə?