Satqın qubalılar – satqın azərbaycanlılar

Mənə elə gəlir, qubalıların məhkəmə prosesi çağımızın çox ilginc məhkəmə proseslərindən olacaq. Izləməyi unutmayın. Bu, əliyevçi korrupsioner-kriminal rejimin 40 illik bir sürədə Azərbaycan xalqına qurduğu çoxsaylı məhkəmə proseslərindən biri olasıdır.
Bugünlərdə Lökbatanda avtobusla qatar toqquşdu. Çoxlu ölən, yaralanan oldu. Olay yerinə çağdaş dünyanın ən pullu yol-körpü-asfalt-nəqliyat naziri Ziya Məmmədov getməli idi. Getmədi. Ancaq bundan beş-altı ay qabaq, martın 1-də Qubada xalq icra hakimiyəti başçısına qarşı çıxanda Z.Məmmədov çaparaq özünü olay yerinə yetirərək “bütün baş verənlərə görə” qubalılardan üzr istəmişdi. Bunun ardınca Ilham Əliyev “günahkarların cəzalandırılacağını” bildirmişdi. Sözsüz, Z.Məmmədovu Qubaya I.Əliyev göndərmişdi: “Get, adamına yiyə dur”. Azərbaycan demokratik, hüquq dövləti olsaydı, Z.Məmmədov da indiki korrupsioner-kriminal dövlətin deyil, demokratik dövlətin naziri olsaydı, deyərdi: “Bilirsən nə var, bütün icra başçılarının başçısı sənsən, sən də gedib adamına yiyə durmalısan”.
Ancaq bir çox nədənlərə görə Z.Məmmədov belə deyə bilməzdi, demədi. O nədənlərin biri, lap balacası budur: Quba IH başçısı Rauf Həbibov doğrudan Z.Məmmədovun adamı idi. Axı, bəlli olduğu kimi, ölkə oliqarx-nazirlər arasında bölünüb; kim hansı rayonun pulunu veribsə, o rayon onundur. Bu, əliyevçi yönətim formasıdır – rayonlar ayrı-ayrı nazir-oliqarxlara satılır. Bizdə indi üç-beş rayonu satın alan nazir-oliqarxlar da var, on-onbeş rayonu satın alanlar da. Bax, buna görə Azərbaycanda rayonlar çoxaldıqca çoxalır. Rayon satışı da bir biznesdir. Rayonlarda adamlar yoxsulluq içindədir, ancaq gedin yoxsulluq içində olan rayonlardakı hakimiyyət adamlarının geyimlərinə, dolanışıqlarına baxın. “Rayonların sosial-iqtisadi inkişaf proqramı” kimi çeşidli adlar altında dövlət büdcəsindən ayırmalar hakimiyyət adamlarının özlərinə, bir də Heydər Əliyevin adına bağlı nələrinsə parıltılı görsənişinə güclə çatır.
Xalqa qalanda, əliyevçi rejimdə xalqa yalnız bir hüquq verilir – satılmaq hüququ. Bu hüquq üçün də ən geniş meydan saxta seçkilərdə verilir. Adamların dəyəri də bu yerdə üzə çıxır: kimi bir cüt Iran qaloşuna, kimi 10 manat pula, kimi də gözəl bir kostyuma (prezident seçkisində) satılır. Ancaq bizdə satılmağın başqa bir yolu da var. Bunu çox sayqılı Rauf Həbibov istintaqda bildirib. Onun deməsinə görə, rayonda dinin durumu ilə bağlı ona ardıcıl bilgi verilirmiş: “Azərbaycan Islam Partiyasının Bakı şəhərində yaşayan funksionerlərinin, onların Iran Islam Respublikasındakı havadarlarının ayrı-ayrı Quba sakinlərini təsir altına salmaq, onlardan dövlətçiliyə qarşı (korrupsioner dövlətçiliyə qarşı – X.B.) istifadə etmək məqsədilə fəaliyyət göstərdiyi, həmin sakinlərin evlərinə 30-40 manatlıq bazarlıq edib, onlara maddi yardımlar etdiyi bildirilib”.
Indi o adamlara, Iran Islam Respublikasına SATILMIŞ qubalılara məhkəmə qurulub. O adamlar cinayətkar sayılırlar.
Düzü, burası mənə qaranlıq qalır: icra başçılarının rayonu satıb milyonlara, dövlətin başında duranların ölkəni satıb milyardlara yiyələnməyi cinayət sayılmazkən xalqın aclıq-yoxsulluq üzündən 30-40 manata satılmağı niyə cinayət sayılmalıdır? Bu adamları cinayətkar saymaq olar, ancaq çıxılmazlıq çətinliyindən 30-40 manata satıldıqlarına görə yox, milyonlar, milyardlar oğurlamaqla özləri üçün “demokratik, hüquq dövləti” qurmaq bacarıqlarının olmamasına görə. Özləri bacarıqsız olduqlarından, ömür boyu işləyib-çalışsalar da, özlərinə normal bir ev tikə bilməyən bu adamlar icra başçısının saraylarına od vurub, dağıdıblar. Görün belələri Bakıya üz tutsalar nə baş verər… Hamısını tutmalı, hamısını damlamalı! Azərbaycan regionun lider dövlətidir, Azərbaycanda sabitlikdir… ölsəniz də, biz onu yerindən tərpətməyə qoymarıq!