Azərbaycanlı şair Mirzə Əsədulla xan Qalib

Hindistanın sonuncu klassik şairi…

XIX əsrdə Hindistanda yaşayıb-yaratmış görkəmli Azərbaycan şairi Mirzə Əsədulla xan Qalibin adı ədəbiyyatsevərlərə yaxşı tanışdır. O, həmin dövrdə Hindistanda ən məşhur şairlərdən biri olub. Mirzə Əsədulla xan Qalib 1797-ci ildə Hindistanın Əkbərabad (Aqra) şəhərində Qalamahal məhəlləsində anadan olub. Abdulla xan və əmisi Nəsrulla xan Aləm şahın (1759-1806) hakimiyyəti dövründə Təbrizdən Hindistana köçüblər. Hərbi əyan təbəqəsinə mənsub olduqlarından hərbi xidmətə qəbul ediliblər. 1806-cı ildə atası Abdulla xan döyüşlərin birində həlak olub və Mirzə Əsədulla əmisinin himayəsində yaşayıb. O, mükəmməl mədrəsə təhsili alıb, erkən yaşlarında poeziyaya maraq göstərib. Şeirləri nəinki müsəlmanlar, eləcə də hindlilər arasında geniş yayılıb. Məhz bu səbəbdən Mirzə Əsədulla türk əsilli olsa da, hind şairi, daha doğrusu, Hindistanın sonuncu klassik şairi hesab edilir.
Mirzə Məhəmmədəli Tərbiyət onun haqqında yazır: “Qalib Əsədulla xan Azərbaycan şairlərindən və ”Məcməül-füsəha” əsəri müəllifinin müasiridir. Şeirdə gözəl təbli və şirin ləhcəli olmuş, Mövləvi şivəsində qəzəl deməyə çalışmışdır və bir çox şeirlərində ona iqtibas etmişdir. Onun məsnəvisi vardır. Aşağıdakı şeir ondandır:
Bax bu sözümə zahid, gəl sən də xərəbata,
Qaldır qədəhi, baxma danlaqla xürafata.
Danlaqda, məzəmmətdə namərdlə mərd seçilər,
Hər ağlı olan kimsə düzgün yolu o izlər.
Əvvəlcə sən et tövbə nəfsinə itaətdən,
Olmaz səməri yoxsa heç zaman nədamətdən”.
Mirzə Əsədulla Hindistanda geniş şöhrət qazansa da, Azərbaycanda çox-çox sonralar tanınıb. Əvvəllər adına bir-iki təzkirədə rast gəlinib.
Mirzə Əsədulla xan Qalibin həyatı keşməkəşli olub. Bir müddət əmisi Nəsrulla xana görə dövlətdən təqaüd alsa da, sonradan o da kəsilib. Maddi və mənəvi sıxıntılar keçirən şair ingilis general-qubernatorunun ona yardım edəcəyi ümidi ilə 1828-ci ildə Kəlküttəyə gedib. Ancaq burada da ümidləri puça çıxıb. Qumar oynadığı üçün 1847-ci ildə bir neçə ay zindanda yatmalı olub.
Dolambac həyat yollarında…
Mirzə Əsədulla xan Qalib 1850-ci ildə bir tarixçi kimi II Bahadur şahın (1775-1862) sarayına dəvət edilir. Sonra müxtəlif vəzifələrə təyinat alır. 1854-cü ildə vəzir vəzifəsinə yüksəlir. Ancaq onun saray həyatı da uzun sürmür. 1857-ci ildə Dehlidə ingilislərə qarşı qiyam baş verir. Qiyam yatırılandan sonra şəhərin müsəlman elitasına divan tutulur. Digər saray adamları ilə yanaşı, Mirzə Əsədulla xan Qalibin də bütün əmlakı əlindən alınır. Şəhərdə müsəlmanlara aid, xüsusilə tarixi-memarlıq abidələri tamam məhv edilir. Şair həmin talan və dağıntını belə təsvir edib: “Mən Dehlinin bir-birinin ardınca dağıdılan binalarını gördüm. Məşhur bazarlar gözümün önündə məhv edildi, məhəllə və küçələr tamam dağıdıldı”.
1859-cu ildə yazdığı məktubunda bu barədə bir daha qeyd edir: “Dehli qalası dağıdıldı, Cümə məscidi, Çandri Çovk məscidi uçuruldu, hanı bizim gördüyümüz Dehli?..”
Onun Dehli qiyamından sonrakı həyatı daha çox silsilə məktublarında öz əksini tapıb. Onun poetik məktublarından görünür ki, ingilislər Dehlini səhraya çevirib, sonra da yerində hərbi düşərgə salıblar. 1863-cü ildə yazdığı məktubunda sanki haray çəkir: “O gələn Mir Mehdidir, Yusuf Mirzədir, Mirandır və Yusufəli xandır. Allah, Allah, mən minlərcəyə göz yaşı axıdıram. Mən öləndə, kim ki mənə göz yaşı axıdacaq, onlar məhv olub gedirlər”.
Mirzə Əsədulla xan Qalib “Dastanbu”, “Kaviyanların bayrağı”, “Beşlik” adlı tarixi əsərlər yazıb. 1859-cu ildə qələmə aldığı “Şərhi-Qate” adlı bir tənqidi əsəri də var. Bu, həmyerlisi Mövlanə Məhəmmədhüseyn Təbrizinin yazdığı “Bürhani-Qate” əsəri haqqındadır. O, standart lüğət kimi qiymətləndirilən “Bürhane-Qate”dəki səhvləri göstərir…
Qalib bu əsərlə özünü cəncələ salır. Çünki Hindistan, Orta Asiya və Iranda Məhəmmədhüseyn Təbrizinin ardıcılları, sevənləri çox olur. Bunun cavabında onlar Qalib haqqında çox ağır tənqidlər yazır, hətta onu “kafir” elan edirlər. Qalibin Hali adlı bir şagirdi sonralar qeyd edib ki, ustadının başı bu yazıdan çox bəlalar çəkdi. O, hər gördüyünə danışırdı ki, mən Allahın təkliyinə inanıram…
Mirzə Əsədulla xan Qalib 1810-cu ildə Lohar zadəganlarından (əslən buxaralı) Nəvvab Ilahibəxş xan Məərufun qızı ilə ailə qurub. Yeddi övladı olsa da, onlar kiçik ikən dünyalarını dəyişiblər. Bu itki şairin yaradıcılığında da dərin izlər qoyub.
Fars və urdu dilində yazan şair
Mirzə Əsədulla xan Qalibÿşeirlərini əvvəl farsca yazıb, ancaq sonra urdu dilinə üstünlük verib. Hər iki dildə də gözəl şeir nümunələri yaradıb. Onun dövründə hakimiyyətdə moğollar olub. Ancaq onlar fars dilində danışıblar. Bu dil dövlətin rəsmi dili olub. Bütün bunlara baxmayaraq, Qalib xalq şairi olur. Dehlidə geniş xalq kütləsi urdu dilində danışdığından, o da bu dildə yazmağa üstünlük verib.
1850-ci ildən sonra fars dili, demək olar ki, Hindistanda unudulur. Mənbələrdə Fətullah bəy adlı bir ədib öz əsərində yazır: “Qalibin müasirləri Zauq, Ələvi, Azurda, Nəyyar, Aiş, Mömün, Şəfta, Cövhər, Səhbai, Nazir Əkbərabadi və Tufla kimi ədəbi simalar urdu dilini seçmişdilər. Onların bir çoxu Qalibin şagirdləri idilər. Hətta Moğol imperatoru Bahadur şah Zəfər təxəllüsü ilə hərdən urdu dilində şeir yazırdı. O, bununla urdu dilinin çiçəklənməsinə rəvac verdi. Ümumiyyətlə, urdu dilinin dövlət dili səviyyəsinə yüksəlməsində Qalibin əvəzsiz zəhməti olub”.
Mirzə Əsədulla xan Qalibin 1841-ci ildə urdu, 1845-ci ildə isə fars dilində divanı çap olunub. Şair ömrünün müdrik çağında – 1869-cu ildə Dehlidə vəfat edib.
Mirzə Əsədulla xan Qalibin həyatı bir neçə mədəniyyəti, ənənəni, dili və sosial layları birləşdirir. Onu Hindistanın klassik şairlərinin sonuncusu adlandırırlar. O, türk əsilli olsa da, Hindistan şairi idi. Farsca yazan saray şairi idi, ancaq Urdu dilindəki qəzəlləri də çox məşhurdur. O, Hindistanda Böyük Moğollar imperiyasının sonunda, Britaniya üsul-idarəsinin əvvəlində yazıb-yaratdı. Onun poeziyası nəinki müsəlmanlar, eləcə də hinduslar arasında yayılmışdı. Şairin mistik sevgi poeziyası onu sufilər cərgəsinə qatdı. Mirzə Əsədulla xan Qalibin yaradıcılığı əsasən qəzəl janrındadır.
Qalib şeiriyyətinin gözəl nümunələrindən biri də “Çıraqi-dair”dir. Şair bu şeirində Benares məbədinin əzəmətini vəsf edir. Qalib sufi idi. O, poeziyasında da sufi ənənələrinə riayət edirdi. Şeirlərin birində deyir: “Meyxana və xətibin arasında çox fərq yox, adları eynidir. Mən yaxşı bilirəm ki, ordan mən çıxanda xətib daxil olur”.
Mirzə Əsədulla xan Qalibin poeziyası bu gün də populyardır. Bu şeir nümunələri bir çox dillərə tərcümə edilib.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir