Onların bəzisindən əhali köçürüləcək, bəzilərində isə zəifləmələr indidən müşahidə edilir
Bakı şəhərində təxminən 50 yeni tikilmiş yaşayış binası müvafiq dövlət komissiyasının qeydiyyatından keçməyərək istismara verilib. APA-nın məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyinin Tikintiyə nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi Xalid Nəcəfov bildirib.
Onun sözlərinə görə, hazırda həmin binalarda yoxlamalar aparılır, layihəyə uyğunluğu yoxlanılır, təhlükəsizliyə nə qədər cavab verməsi araşdırılır: “Belə binların bir nəçəsində pozuntular aşkarlanıb. Belə ki, bu binaların birində hətta sakinlərin köçürülməsi gözlənilir”.
X.Nəcəfovun sözlərinə görə, Yeni Yasamalda artıq bir neçə il istismarda olan “Gənc alim” yaşayış binasında artıq indidən zəifləmələr müşahidə olunur: “Hazırda bu zəifləmələrin aradan qaldırılması üçün işlər aparılır və ola bilsin ki, sakinlərin müəyyən hissəsi müvəqqəti olaraq köçürülsün. Binada aşkar olunmuş nöqsanlar aradan qaldırıldıqdan və binanın keyfiyyəti yenidən yoxlanıldıqdan sonra köçürülən sakinlər mənzillərinə qayıda biləcək”.
X.Nəcəfov həmçinin bildirib ki, ümumiyyətlə Bakıda yeni tikilmiş yaşayış binalarında müşahidə olunan problemlər onların mərtəbələrinin layihədə nəzərədə tutulmuşdan daha çox olması ilə bağlıdır.
Baş Dövlət Tikinti Müfəttişliyinin rəhbəri qeyd edib ki, belə binaların bəzilərində bir neçə mərtəbə artıq sökülüb.