Türkiyənin baş naziri 1945-ci ildə azərbaycanlı ziyalıların Stalin rejiminə təhvil verildiyini bildirdi
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan sədri olduğu AKP-nin parlament fraksiyasının toplantısında Azərbaycanla bağlı CHP-yə ilginc ittiham irəli sürüb. CHP-nin suriyaslı qaçqınlarla bağlı mövqeyinə toxunan və bunu “çirkin rəftar” adlandıran Ərdoğan deyib ki, bu partiya hakimiyyətdə olduğu 1945-ci ildə 146 azərbaycanlı ziyalısını güllələnmək üçün Stalin rejiminə təhvil verib.
“CHP-nin bu gün Suriyadan olan qaçqınlara göstərdiyi çirkin rəftar öz tarixində təkrarlanmışdır. CHP-nin on illər boyunca üstünü örtməyə çalışdığı bu hadisə təəssüf ki, istər Türkiyə, istərsə də Azərbaycan tarixinə acı bir xatirə olaraq yazılmışdır. 1945-ci ildə 146 azəri aydın Stalin zülmündən qaçıb Türkiyəyə sığınır. Stalin Türkiyədən bu azərbaycanlıların dərhal qaytarılmasını istəyir. Sərhəddəki polis bölməsindən qaçqınların geri qaytarılması tələb olunur. Polis bölməsinin komandiri əmrin icrasını dəfələrlə yubadır. Ancaq CHP hökumətindən qəti əmr gəlir. Vəziyyəti anlayan azərilər “Lütfən bizi siz güllələyin, öz bayrağımızın altında bizi öldürün” deyirlər. Ancaq Ankaradan gələn əmr qətidir. Boraltan körpüsünü keçən ziyalılar geri verilir və elə yerindəcə əlləri bağlanıb edam edilir. Polis bölməsi komandirinin bu ələmli mənzərədən sonra intihar edərək özünü öldürdüyü deyilir.
Bu hadisə bir ağı olur:
Boraltan bir körpü, aşar keçər Arası,
Yuğsan Aras suyu ilə, çıxmaz üzün qarası.
Düşmən gözləyər qarşıda, önünə qatdı məni,
Can alınan bazarda, qardaşım satdı məni.
Dönüb səsləndim geri, mərhəmətsiz birinə,
Məni siz vursaydınız, bu kafirin yerinə.
Bax, CHP budur. Bu gün CHP Azərbaycana, Krıma ərklə gedə bilməz. Amma biz Sarayevoya da, Qahirəyə də, Tunisə də, Qəzzaya da, Bakıya da sinəmizi gərərək gedərik. Ən qısa zamanda Dəməşqə də gedəcəyik, əməvi məscidində namaz qılıb, suriyalı qardaşlarımızla qucaqlaşacağıq”, – deyə Ərdoğan bildirib.