Yaxın tariximizdə vətənpərvərlik məhz ermənilərə münasibət kontekstində tez-tez qabardığı üçün bu problemi də eyni müstəvidə aydınlaşdırmaq doğru olardı. Səbəblər dərin və mürəkkəb deyil. O azərbaycanlı ki, başqa azərbaycanlıların, konkret olaraq siyasi rejimin ölkəmizə ermənilərdən az zərbə vurmadığını anlamırsa, öz vətənpərvərlik hisslərində yanılmağa başlayır.
O bunu da anlamır ki, hətta Ermənistana ən böyük zərbə Azərbaycanda azad cəmiyyətin qurulması, bununla da onun güclü və haqlı bir dövlətə çevrilməsidir. Başa düşmür ki, insanları baş götürüb qaçmağa məcbur edən səbəb mövcud olduğu halda, bir ölkə heç vaxt güclü toplum olub Qarabağ problemini həll edə bilməz.
O başa düşmür ki, öz vətəndaşını tapdayanlar heç vaxt Qarabağ üçün yanmazlar: bəli, onlar Qarabağı da almaq istəyərlər, amma bunun üçün fədakarlıq etməzlər, məsələn, nəinki öz sərvətlərindən keçər, bunun naminə ölkənin sərvətlərini oğurlamaqdan da əl saxlamazlar. Bu vətənpərvərlər unudur və anlamır ki, ölkəni talayanlar təkcə bu ölkənin pulunu aparmırlar: vətəndaşlarımızın gücünü, vətəni sevmək hissini, birliyini, fədakarlığını və hətta torpaq uğrunda döyüşmək əzmini də dağıdırlar.
Öz vətənpərvərlik hissində ilişib qalan və yanılan azərbaycanlı anlamır ki, insan haqlarına, hüquqa, beynəlxalq hüquqa sayğı olmayan ölkədə heç bir dəyərə sayğı olmur və bu halda o, onun yaxınları, bu vətən üçün canını fəda etməyə hazır olan insanlar, hətta ermənilərlə real döyüşlərdə şücaət göstərmişlər dəyərsiz haldadır, istənilən vaxt ən pis tale ilə üzləşə bilərlər.
Yanılan vətənpərvər anlamır ki, bəşəri dəyərlərdən uzaqlaşsaq, biz milli və insani dəyərlərdən də uzaqlaşaraq ən müxtəlif faciələrə düçar olacağıq. Necə ki, ermənilər bu yolla gedib, hətta Qarabağa faktiki sahib olsalar da, faciə içində qalmaqdadırlar…
“Təki ermənilərə pis olsun” düşüncəsi bir həqiqəti unutdurur ki, bəzən bu cür olay azərbaycanlılar üçün daha ağır nəticələnə bilər. Bəzən vətənpərvər düşünmür və unudur ki, ona sırınan təbliğat yanlış ola bilər. O, qəbul edə bilmir ki, erməniləri qalib edən Rusiyadır və bizim ruslara arxalanan siyasi hakimiyyətimiz düşmənlərimizi açıq şəkildə silahlandıran ruslara dost deyir.
Bizə ədalət və rifah içində yaşamağa imkan verə biləcək demokratiya Azərbaycanı gücləndirəcək yeganə amil olmaqla yanaşı, Qarabağı da qaytaracaq yeganə amildir. Istər müharibə yolu ilə, istər sülh yolu ilə. Vətənpərvər bunu anlamayanda, Qarabağı sevdiyini deyən bu hakimiyyətin Bakının yaxınlığındakı Qaradağı da sevmədiyini görmür.
Vətənpərvər anlamır ki, Qarabağı almağın yolu həqiqətlə bağlıdır, yoxsa həqiqəti deyənləri erməni agenti adlandıranlara qoşulmaz. O anlaya bilmir ki, yalnız bir adamın azad olduğu, yalnız bir fikrin hakim olduğu ölkə yalanlarla idarə olunur və belə ölkə nəinki asanlıqla qorunula biləcək qəzalardan, hətta başqa torpaqlarını itirməkdən də sığortalanmayıb.
Belə vətənpərvər yanılır və başa düşmür ki, Vətənə öncə dürüst, şəffaf, çalışqan və xalqın seçdiyi bir hökumət lazımdır…
Beləcə də yanılan vətənpərvər hansısa səbəbdən Vətən üçün xeyirli və ziyanlı olanların arasında seçim edə bilmir, həmişə Vətənlə, Qarabağla, Ramil Səfərovla siyasi alver edən hakimiyyətin küyünə aldanır, “Qarabağ!” deyə hayqırır, amma öz polisinin yanından qorxa-qorxa keçərək yaşayır. O, səmimi olaraq vətəni sevdiyini düşünür, amma öz halı ilə yalnız ölkəsindəki şərin işinə yarayır…
***
Bu günlərdə “Yeni Müsavat” qəzeti Xədicə Ismayılın özünün mövqeyi olmadan onun haqqında rəyləri dərc etdiyi halda, mənim oradakı sözlərimdən Aynur Camalqızının adını çıxarıb ki, sonuncunun mövqeyi öyrənilməyib. Qəzetin bu cür ədalət tərəzisinə təşəkkür düşür: birindən çəkinirsinizsə, o birindən niyə çəkinmirsiniz? Xədicəyə qarşı Aynur Camalqızının təhqir və böhtanlar yazdığına baxmayaraq, mən onun haqqında təhqiramiz heç nə deməmişdim. Bildirmişdim ki, xalqdan oğurlanan pulla işlədiyi üçün onun saytının mövcudluğu özü cinayətdir. Xədicə isə heç harada Ramil Səfərovu “qatı cinayətkar” adlandırmayıb. Üstəlik, o sualı da verdim ki, Ilham Əliyev də Ramili cinayətkar sayır, yoxsa əfv etməzdi, bəraət verdirərdi. Amma onu da bilirəm ki, böyük oğurluqları ifşa etmiş Xədicənin indi tənqid edilməsi qəzet və saytlara dividend gətirə bilər, həm də dünən Ilham Əliyevə nələr yazıb, bu gün ona təşəkkür edənlərə də…
Aynur Camalqızı isə çıxışımda kimi nəzərdə tutduğumu anlayıb və vətənpərvər bir cavab məqaləsi yazıb. Deyir ki, mən qarabağlı olmadığım üçün Qarabağ dərdini anlaya bilmərəm. Məncə, bu məsələdə ehtiyatlı olmaq lazımdır, çünki prezident də qarabağlı deyil, belə çıxar ki, o da anlamır bu dərdi. Müəllif yazır ki, özü də hər gün ürəyində erməni öldürür. Fəqət mən şübhə etmirəm buna, sadəcə anlaya bilmirəm ki, niyə bu ölkədə insanlar ürəyində erməni öldürüb, reallıqda isə azərbaycanlıların sərvətinin talanmasında, birbaşa və dolayısı ilə onların məhv edilməsində iştirak edirlər.