Məhkəmə sədri qəzada öldü

Yenə Qaradağ, yenə avtobus…

Dünən axşam saatlarında Qaradağ rayonunun Sahil qəsəbəsində bir nəfərin ölümü və iki nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı Əhmədov Vüsal Hüseyn oğlunun idarə etdiyi 197 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusu ilə Abşeron rayonu Mehdiabad qəsəbə icra nümayəndəsi Abbasov Qasid Ziyad oğluna məxsus “Hyundai” markalı avtomobil toqquşub. Nəticədə “Hyundai”yın sürücüsü Qasid Abbasov hadisə yerində dünyasını dəyişib. Həmin avtomaşında olan iki sərnişin – Xəzər rayon məhkəməsinin sədri İlham Ağayev və sürücünün həyat yoldaşı Gülnarə Abbasova isə ağır vəziyyətdə 1 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, İlham Ağayev və Gülnarə Abbasovanın vəziyyətləri ağır olduğundan onların üzərində cərrahiyə əməliyyatı aparılıb. Lakin məhkəmə sədrinin həyatını xilas etmək mümkün olmayıb. Kliniki Tibbi Mərkəzdən Lent.az-a bildiriblər ki, İlham Ağayev gecə saatlarında xəstəxanada ölüb.

Qəza zamanı avtobusdakı sərnişinlərdən xəsarət alan olmayıb.