Fədailəri mühakimə etməyin!

Deyirlər ki, M.Ə.Rəsulzadənin büstünü götürüblər. Amma mənə başqa şey təəccüblü gəlir. Necə olub ki, o büst bu vaxta qədər yerində qalıb? Qoy, sual sizə qəribə görünməsin, çünki bu hakimiyyətin hər yerdə görən gözü və eşidən qulağı var. O ki qaldı, büstə… Mən də əvvəllər belə şeylərdən çox hirslənirdim. Lakin indi sakitəm. Nəyinə lazımdır Rəsulzadənin o büst? Mən düşünürəm ki, bunların hakimiyyəti dövründə ona heykəl və ya büst qoyub onun da “özününkü” edilməsinə dözmək çətin olardı. Mən bunları savadsız hesab etmirəm. Amma təbliğatda belə şey var ki, hamı özünü şanlı keçmişə və ya artıq qəbul edilmiş tarixə proyeksiya etməyə cəhd edir ki, özü də tarix deyilən prosesdə yaşaya bilsin. Bunlar bunu etmədi. Nə səbəbdən? Mənim bununla bağlı bilgim yoxdur, bunu başa düşmürəm. Deyirlər ki, qısqanırlar.
Ola bilər. Amma siyasətləri olsaydı, belə etməzdilər. Bunlarda nəfs o qədər böyükdür ki, özlərini əbədi hakimiyyətdə görürlər. O gün eşidirəm ki, bizim I.Əliyev milləti qələbələrə öyrədir. Amma mənə belə gəlir ki, milyon qələbə olsa belə, bir məğlubiyyətin – Qarabağ məğlubiyyətinin əvəzini ödəmək, onu azca da olsa arxa plana keçirmək qüdrətində və iqtidarında deyil. Bəli, belə deyirlər ki, idmançılar bayrağımızı göylərə qaldırdılar. Düzdür. Amma bunun sizə nə dəxli var? Siz axı heç bayrağı düz tuta bilmirsiniz! Neçə dəfə olub ki, çox mühüm tədbirlərdə bayraq tərsinə asılıb. Bu, bir tərəfə, hələ onu deyim ki, bir neçə dəfə mitinq və aksiya zamanı həmin bayraq etirazçıların əlindən alınaraq cırılıb! Çox güman ki, belə şeyləri xatırlamırlar. O ki qaldı bizim və onların tarixinə, əslində tarix birdir, elə vaxt olur ki, o, ikiləşir, üçləşir, amma sonra hər şey öz yerini tutur. Təbii, yetmiş illik sovet istilasından sonra bir daha ögey münasibətə tuş gəlmək, öz ölkəndə yasaqlanmaq o qədər yaxşı hal deyil. Hər insan buna dözməz. Düzdür, həmin adamlar artıq bu dünyada deyil, əbədiyyətə qovuşublar, lakin onların əvəzinə bu ağrını yaxınları çəkir.
Amma bunu 93-cü ilin iyununda, bəlkə də bundan da tez, hələ 89-cu ildə düşünmək lazım idi. Indi isə gecdir. Elə bu səbəbdən hisslərimiz kütləşir və biz elə Əliyevlərin dediyi dözümlü adamlara çevrilirik. Başqa nə etmək olar?
Onların və bizim tariximiz
Bir dəfə müxalifət liderlərindən birini gördüm. Bir az söhbət etdik. Dedi, bəs biz öz missiyamızı başa vurduq. O vaxt mən heç nə demədim. Demək, nəsə söyləmək üçün bəzən həvəs də olmur. Amma ürəyimdə bir etiraz qaldı. Onu gərək bu gün yazım. Bəli, əcəb missiyadır! Minlərlə tərəfdaşının və bəlkə elə bundan da bir neçə dəfə çox adi insanın arzusunu heç et, hakimiyyəti gətir ver kommunist nomenklaturasına, sonra da çəkil qırağa ki, mən missiyamı başa vurmuşam! Eşq olsun belə missiyaya! Daha deyiləsi sözüm və iradım yoxdur! Bilirsiniz, bu hakimiyyət üçün, kürsü üçün ölmək deyil. Mən hər şeydən az bəlkə də hakimiyyətin itirilməsinə heyfslənirəm. Amma siyasi fəaliyyətlə məşğul olan, xüsusən də hakimiyyətdə təmsil olunan adamın bir məsuliyyəti də olmalıdı. Nə isə… Bu da bizim tarixdir. Siz elə bilirsiniz bizim, necə deyərlər, düşərgə hakimiyyətdəkilərdən yaxşı vəziyyətdədir? Əsla. Bir parçanın bir ucu onlardır, digər ucu biz… Bizim də tarix hissimiz nekrofiliya qoxuyur. Elə biz də nə qədər bəraət alsaq, bir günahın, bəlkə də cinayətin əvəzini verməyəcək. O günah (ya da cinayət!) budur ki, bunları hakimiyyətə biz gətirmişik. Ona görə bütün uçurulan heykəllərdə və götürülən büstlərdə bizim də payımız var. Mən bunları kimisə ittiham etmək üçün demirəm… Bu gün bütün maneələrə və təqiblərə rəğmən mübarizə aparan insanların nə günahı var? Onların bir günahı var. Düşünürlər ki, bir qədər əvvələ obyektiv baxsalar və hər şeyi olduğu kimi dərk etsələr, çox şey uçulub dağılar və öz həyatlarının xoş çağlarını haradasa onlardan tamam xəbərsiz, gizli cızılmış bir ssenarinin gerçəkləşməsi uğrunda mübarizəyə həsr etdikləri aydın olar. Amma onlar ürəkdən inanıb o mübarizəyə qoşulduqlarına görə günahkar və təqsirli deyillər. Müharibədə əsgərləri mühakimə etmirlər…