Avropadan Bakı necə görünür?

Ikinci yazı
1.RATINGENDƏ EŞŞƏK HEYKƏLI
Amsterdamdan Bakı həm ekoloji, həm də siyasi aspektdən çox çirkli göründü. Almaniyanın kiçik Ratingen şəhərindən isə Bakının görüntüləri lap ürəkbulandırıcı idi. Səbəbi? Bu barədə bir az sonra.
Ərzisinin 75 faizi meşələrdən, bağ-bağatdan və yaşıllıqlardan ibarət, əhalisinin sayı təzəcə 100 mini haqlamış Ratingen bəlkə də Almaniyanın ən dilbər guşələrindən biridir. Reyn, Rur və Vupper çaylarının ətrafında yerləşən bu şəhərdə insanlar xoşbəxtliyə qovuşub. Tər-təmiz hava, problemsiz həyat ratingenlilərin üzünə təbəssüm bəxş edib. Iki gün bu kiçik şəhəri, demək olar, qarış-qarış dolaşdım, insanlarla təmasda oldum. Sifətinə kədər çökmüş, sərgərdan qiyafətli, dərd içində olan bir kimsəyə rast gəlmədim.
100 minlik şəhərdə 40 mindən artıq iş yeri olduğunu dedilər. Şəhərdə 70 mindən artıq şəxsi avtomobil qeydiyyatdan keçib. Ratingenlilərin hər birinin yüksək maaşı var, evi var, avtomobili var, tibbi sığortası var, maddi durumları insan kimi istirahət etməyə, səyahətə çıxmağa imkan verir. Həftənin istirahət günləri Almaniyanın digər şəhərlərində olduğu kimi Ratingendə də iri ticarət mərkəzlərinin biri belə işləmir. Adamlar çay sahillərində, meşələrdə, biri-birindən yaraşıqlı parklarda, restoranlarda o iki günün kefini çıxarırlar.
Bir sözlə, ADAM KIMI YAŞAMAQ nəsib olub onlara. Bütün bunlar barəsində Ratingendə süfrə arxasında mühacir soydaşlarımızla çox dartışdıq. Və hər birimizin qəlbindən QARA QAN axırdı. Nədən ki, Bakı gözlərimizin önündə idi. O Bakı ki, QARA QIZILI insanların gün-güzəranını QARA edib. O Bakı ki, orada maaş mədənin problemlərini zorla ödəyir, az qala adamlarının onundan doqquzu borc içində qıvrılır, istirahət, səyahət nə olduğunu yada salmırlar. O Bakı ki, o şəhərdə adamlar acınacaqlı maddi duruma rəğmən sağlamlıq haqqında belə düşünmürlər.
Və o Bakının telekanalları neçə vaxtdır ki, Avropa ölkələrində, xüsusilə Almaniyada həyat səviyyəsinin aşağı olduğundan, insanların keyfiyyətli tibbi yardım ala bilmədiyindən, iqtisadi böhrandan və daha nələrdən, nələrdən söhbət açır. Məhz bu anormal, qərəzli yanaşma Bakını çox əcaib hala salır.
Ratingen həddən-ziyadə gözəl şəhərdir. Bu şəhərdə saysız-hesabsız incəsənət nümunələri – muzeylər, tarixi abidələr var. Və o abidələrdən biri – EŞŞƏK HEYKƏLI mənə çox qəribə göründü. Firavanlıq, hüzur içində, xoşbəxt yaşayan ratingenlilər nədən EŞŞƏK üçün heykəl ucaldıb? Nədən ratingenlilər şəhərin banisi olmuş hersoq fon Berqi, Almaniyanı birləşdirməyə nail olmuş Bismarkı, lap belə federal kansler Merkeli yox, eşşəyi qiymətləndirib. Suallar çoxdur. Bəlkə o eşşək Bakının biri 50 min manata aldığı eşşəklərin də ulu babası olub? Hər halda ciddi araşdırmaya ehtiyac var.
Fürsət düşən kimi Almaniyanı top atəşinə tutan Bakı telekanalları bu məsələni götür-qoy edib bir süjet hazırlasa, lap yerinə düşər. Nədən ki, əhalisinə yararsız tibbi xidmət göstərən, vətəndaş həmrəyliyini bərqərar edə bilməyən, iqtisadiyyatı tənəzzülə uğrayan Almaniyanın eşşəyə heykəl qoyan başbilənlərinin səfehliyi barədə də Bakı camaatının xəbər tutması çox zor olar.
2. Italiyalı müəllimlə ayaqüstü söhbət
Italiyanın Ankona şəhərində Anadolu türkcəsində tər-təmiz danışan bir orta məktəb müəllimi ilə tanış oldum. Dolanışığını xəbər aldım. Yay tətilinin 20 gününü Türkiyədə, 20 gününü də Yunanıstanda keçirən müəllim ev-eşiyindən, avtomobilindən, ayda iki dəfə teatra getməsindən, həftədə üç dəfə ailəliklə restoranda şam etməsindən, hər il dünyanın bir-iki ölkəsinə səyahətə çıxmağından və sairələrdən danışdı. Yazıb sizlərin, xüsusən hörmətli müəllimlərimizin qanını qaraltmaq istəmirəm. Və söhbət əsnasında Ankona şəhərindən olan müəllim mənə sual etdi ki, Azərbaycanda müəllimlər necə yaşayır. Mənim nə cavab verdiyim öz yerində, sənə sualım var, hörmətli Azərbaycan müəllimi. Necə yaşayırsan? Əhvalın necədir?