Sahibkarların mübarizəsinə siyasi don geyindirməyə çalışırlar
Nurəddin Zülfüqarlı və vəkil Aslan Ismayılov hüquq-mühafizə orqanlarına müraciət etdi
Nurəddin və Loğman Zülfüqarlı qardaşlarının əmlaklarını qorumasına siyasi don geyindirməyə çalışırlar. Bunu “Azadlıq”a Zülfüqarlı qardaşlarının vəkili Aslan Ismayılov bildirib. Aslan Ismayılov deyib ki, Zülfüqarlı qardaşlarının əmlakına göz dikən qüvvələr öz qanunsuz əməllərini ört-basdır etmək üçün təxribatla məşğuldur:
“Həmin qüvvələr baş verənlərə siyasi don geyindirmək üçün müxtəlif məlumatlar yayırlar. Müxtəlif KIV-lər vasitəsilə yayılan həmin məlumatlarda iddia olunur ki, guya Zülfüqarlı qardaşlarına məxsus zavoda basqın edilərkən müdafiəçisi olduğum şəxslər sexləri əllərindən alınmış digər sahibkarları ora toplayıb. Halbuki nə Zülfüqarlı qardaşlarının, nə də mənim həmin sahibkarların zavodun qarşısına toplaşmasından xəbərim olub. Onlar özləri zavoda gəlib və bu təşkil olunmuş iş olmayıb. Daha sonra məlumat yayırlar ki, guya Zülfüqarlı qardaşları zavodun qarşısında mitinq keçirmək istəyib. Halbuki bir qrup şəxs əllərində müxtəlif dillərdə yazılmış plakatlarla zavodun qarşısına gəlib. Amma Zülfüqarlı qardaşları onların niyyətlərini bilmədiyindən həmin adamların zavoddan uzaqlaşmasını tələb ediblər. Sonradan bu şəxslər başqa bir yerdə əllərində plakat şəkil çəkdirib. Həmin fotolar isə mətbuata ötürülüb. Bununla da Zülfüqarlı qardaşlarının aksiya keçirməsi barədə rəy yaradılmağa çalışılıb.
Bundan başqa məlumat yayırlar ki, guya qapadılan 20-yə yaxın sex də Zülfüuqarlı qardaşlarına məxsusdur. Bu da yalandır. Həmin sexlərin Zülfüqarlı qardaşlarına heç bir aidiyyatı yoxdur. Qətiyyətlə bildirirəm ki, bütün baş verənlər Rasim Məmmədov və onun arxasında dayananların əməlidir. Çünki bu məsələ artıq hamıya bəlli olduğundan öz əməllərini ört-basdır etmək üçün qanuni tələblərə siyasi don geyindirməyə ççalışırlar”.
Nurəddin Zülfüqarlı da bizimlə söhbətində onlara qarşı təxribat xarakterləri addımların atıldığını bildirib: “Avqustun 15-də bizim Keşlədəki müəssisəmizə basqın edilib. Lakin müəssisənin kollektivi basqınçıların ora daxil olmasına imkan verməyib. Bu proses avqustun 17-nə qədər davam edib. Avqustun 17-də baş verənlərlə bağlı cinayət işi başlanıb. Həmin gün əmlakları əllərindən alınmış başqa sahibkarlar və onların adamları bizim müəssisədən aralıda aksiya keçiriblər. Biz bu barədə də polisə məlumat vermişik. Və bunun bizə aidiyyatı olmadığını demişik. Lakin indi bizim zavoda basqın təşkil edən və bu əməli barəsində cinayət başlanan Rasim Məmmədov və onun arxasındakı qüvvələr qanunsuz əməllərini ört-basdır etmək üçün bizim haqlı mübarizəmizə siyasi don geyindirməyə çalışır, mətbuatda barəmizdə təxribat xarakterli məlumatlar yayır istintaqı başqa səmtə yönəltmək istəyirlər. Mən bəyan edirəm ki, biz heç bir qanundan kənar addımlar atmamışıq. Digər sahibkarların və onların adamlarının atdığı addımların bizə aidiyyatı yoxdur və biz buna görə məsuliyyət daşımırıq. Bu onların öz qanuni mübarizəsidir. Bundan başqa bağladılan 20-dən artıq müəssisənin də bizə aidiyyatı yoxdur. Bu barədə yayılan məlumatlar yalandır. Mən müvafiq strutukturlara müraciət edərək bu təxribatla məşğul olanların müəyyən edilməsini və barələrində tədbir görmələrini xahiş edirəm”.