Sentyabrın 2-də Amerika Azərbaycanlıları Demokratiya Uğrunda (AZAD) təşkilatı azərbaycanlı zabit Ramil Səforovun məsələsi ilə bağlı ABŞ dövlət katibinə açıq məktub göndərib. Məktubu təşkilatın sədri Elmar Şahtaxtinski imzalayıb.
Məktubda Ramil Səfərovun Azərbaycana veriləndən sonra ölkə başçısının əfv fərmanı ilə azadlığa buraxılmasından ABŞ Dövlət Departamentinin narahatlıq ifadə etməsi xatırladılır. AZAD Səfərovun verilməsinə görə ABŞ-ın Azərbaycandan “izahat”, Macarıstandan isə “daha ətraflı məlumat” gözləməsinə təəccüb edir.
“Azərbaycan hökuməti ölkənin yüz minlərlə vətəndaşının hüquqlarını pozur, onlarla adam hücumlara, həbs və işgəncələrə məruz qalır və bütün bunlar diqqətdən kənarda qalır. Dövlət Departamenti buna reaksiya vermir və görünür, Azərbaycan xalqının hüquq və azadlığına görə narahat olmur, ilk növbədə erməni lobbisinin ABŞ-ın xarici siyasətinə təsiri barədə düşünür.
Azərbaycanlı hərbçi Ramil Səfərovun əfv olunmasının aktuallığını və Dövlət Departamentinin buna verdiyi önəmi başa düşmək çətindir. Mühakimə olunmuş xarici vətəndaşların öz vətənlərinə (burada onlar yumşaq cəza ala və əfv oluna bilər) ekstradisiyası praktikası qeyri-adi deyil. Fransada Turkish Airlines şirkətinin ofisinə hücum etdiyinə və dinc sakinləri qətlə yetirdiyinə görə mühakimə olunan erməni terrorçu Varujan Qarabedyanla bağlı hadisəni yada salmaq olar. Nəticədə o da azad edilərək Ermənistana ekstradisiya olunmuşdu. Qarabedyan Ermənistan prezidenti tərəfindən milli qəhrəman kimi qarşılandı və ona polkovnik rütbəsi verildi. Ermənistanın indiki müdafiə naziri 1992-ci ildə Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə tutulmuş divanın iştirakçısıdır.
Çox təəssüf ki, Dövlət Departamenti azərbaycanlı əhalini qovaraq Azərbaycanın 20%-ni işğal etmiş Ermənistanın halına yanır.
Yaxşı olardı ki, ABŞ administrasiyası Azərbaycanda seçkilərin saxtalaşdırılmasına, dinc nümayişçilərə qarşı amansız hücumlara, həbslərə, işgəncələrə, jurnalistlərin, dissidentlərin və vətəndaş fəallarının döyülməsinə və öldürülməsinə analoji reaksiya verəydi.
Biz 2003-cü ilin oktyabrında Bakı küçələrində seçkilərin kütləvi saxtalaşdırılmasına etiraz aksiyalarının boğulduğu bir vaxtda dövlət katibinin müavini Riçard Armiticin “seçkilərdə qələbə” münasibətilə ABŞ hökuməti adından təbrikini xatırlamaya bilmərik.
Uzağı görməyən siyasət erməni lobbisini müvəqqəti olaraq sakitləşdirə bilər, lakin bu, ABŞ-ın Azərbaycanda və ümumilikdə regionda milli maraqlarına xidmət etmir, bu ölkədə demokratik inkişafa, Azərbaycan xalqının gözündə ABŞ-ın reputasiyasına zərbə vurur və Qarabağ probleminin həllini daha da çətinləşdirir”, – deyə məktubda yazılır.