“Önəmli olan başqa məsələdir: hakimiyyəti hər zamankından daha narahat gördüm”
Yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət zamanı polislə müxalifət nümayəndələri arasında gərginlik yaşandı. Polisin insanları bölərək hissə-hissə Xiyabana buraxmasına etiraz edən Müsavat başqanı İsa Qəmbər “Bölücülük etməyin”, deyə etirazını bildirdi. Polislərdən biri partiya başqanına “Mənə barmaq silkələmə, barmağını qıraram”, – deyə kobud cavab qaytardı.
Polisin belə kobud davranışına müxalifətçilər yerindəcə cavab verdilər. Ötən gün İsa Qəmbər özünün “Facebook” səhifəsinə hadisə ilə bağlı qeyd yazıb.
İ.Qəmbər Şəhidlər Xiyabanını ziyarət zamanı baş verən insidentlərə görə fikrini bildirən, narahatlığını bölüşüən dostlara, xüsusən gənclərə təşəkkürünü bildirirək yazıb: “Əslində kiçik məsələlərdi- Millətimiz, Azadlığımız uğrunda apardığımız mübarizə illərində minlərin, milyonların hörmət və rəğbətini görmüşük, ayrı-ayrı nadanların ədəbsizliyi nədir ki?! Və ya həyatını İstiqlal uğrunda qurban vermiş müqəddəs şəhidlərimizi ziyarət edərkən sındırmaq istədikləri bir barmağımız nədir ki?!
Önəmli olan başqa məsələdir: dünən mən hakimiyyəti hər zamankından daha narahat, gənclərimizi isə hər zamankından daha əzmli gördüm. Mən sizlərlə qürur duyuram!”.
Bəs görəsən Müsavat rəhbərliyi polisin belə davranışına görə hüquq mühafizə orqanlarına müraciət etməyi düşünürmü? Müsavatın İcra Aparatının rəhbəri Arif Hacılı qəzetimizə açıqlamasında partiyada bu haqda heç bir müzakirənin aparılmadığını bildirdi. Lakin A.Hacılı hesab edir ki, İ.Qəmbərə qarşı kobudluq etmiş polisin şəxsiyyəti müəyyən olunmalı və bu haqda lazımı orqanlara şikayət edilməlidir.
Elmin