Xəstəxanaya yerləşdirilən xalq artisti Arif Quliyev səhhəti ilə bağlı Lent.az-a açıqlama verib.
Arif Quliyev bildirib ki, hazırda onun vəziyyəti qismən yaxşılaşıb: “Dünən Ağcabədiyə yasa gedirdik. Kürdəmirə çatanda halım pisləşdi. Aptekdən dərman aldım. Amma Zərdaba çatanda vəziyyətim daha da pisləşdi. Məni xəstəxanaya aparıblar. Təzyiqim 280-ə qalxıbmış. Səhərəcən iynə-dərman ediblər. Amma nizamlaya bilməyiblər. Sonra təcili yardımla Bakıya gətiriblər. Hazırda vəziyyətim o qədər də yaxşı deyil, ayağa qalxanda başım fırlanır”.
Xalq artisti onu illərdir müalicə edən həkimini axtardığını deyib: “Mənim bu xəstəliyimi həmişə bir həkim müalicə edirdi. İndi onun hansı xəstəxanada olduğunu bilmirik. Onu tapsam, dərdimə əlac edəcəyinə inanıram”.
***
Azərbaycanın xalq artisti Arif Quliyevin səhhətində problem yaranıb.
APA-nın xəbərinə görə, sentyabrın 2-si gecə saat 23.00 radələrində Ağcabədi rayonuna yas mərasiminə gedən xalq artistinin səhhəti Ucar-Zərdab avtomobil yolunda qəflətən pisləşib. Arif Quliyev yaxınlıqdakı Zərdab Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəstəxananın baş həkimi Ruslan Nemətov Arif Quliyevin tibb müəssisəsinə hipertonik-kriz diaqnozu ilə daxil olduğunu bildirib. Ona ilkin tibbi yardım göstərilib.
Vəziyyəti normallaşandan sonra Arif Quliyev təcili yardım maşını ilə Bakıya yola salınıb.