“London taksi”çiləri iki növbəliyi və gündəlik “tas”ın qaldırılmasını hiddətlə qarşıladılar
“London taksi”lərindən istifadə edən sürüclər bundan sonra iki növbə ilə işləyəcəklər. Bundan başqa, bənövşəyi maşını idarə edənlərə gündəlik plan 21 manatdan 32 manata qaldırılıb. Sürücülərsə bu addımın ağır olan iş şərtlərini bir daha ağırlaşdıracağını düşünürlər. Söhbət etdiyimiz sürücülər deyirlər ki, bu heç cür onlara sərf etmir: “Biz bununla heç cür razılaşa bilmərik. Iki növbə ilə işləmək başdan-ayağa problemdir. Tək işləmək daha yaxşıdır”.
Bir ildir “London taksiləri”ndə sürücü işləyən Teymur Hüseynov deyir ki, “Bakı Taksi” MMC-nin dedikləri tətbiq olunarsa, vəziyyətləri çox ağır olacaq: “Birincisi, qoyulan günədlik plan çox yuxarıdır. Hər gün o qədər qazanmaq olmur. Şəhərdə tıxac olduğundan sərnişinlər bizim maşınlardan istifadə etmirlər. Çünki maşınlar tıxacda olanda da yazırlar. Bundan başqa, iki növbəlik maşın sürmə heç kimə sərf etməz. Ən azı mənimlə şərik olan şəxs hər gün vaxtında maşını qaytara biləcəkmi? Maşına mənim kimi can yandıracaqmı? Maşının tək sahibi olduğum üçün nəsə olanda da məsuliyyəti mən daşıyıram. Ancaq iki nəfərlik olanda bu belə olmayacaq”.
“Elə vaxt olur ki, planı verə bilmirik. Planı doldurmaq üçün bir neçə saat işləməyə məcburuq. Bu qərara görə növbə müəyyən olunacaq. Maşını sürücülər bir-birilərinə təhvil-təslim edəcək. Maşının yanacaq və texniki problemlərinin ortaya çıxması əlavə vaxt itkisidir. Bundan başqa, maşın xarab olanda plan məsələsi ortaya çıxacaq. ”189″ kimi taksi xidməti firmalarında sürücüyə maaş verirlər. Onlar əsasən də sifarişlə işləyirlər. Daha sürücü bizim kimi fikirləşmir ki, planı necə dolduraq”.
30 ildir nəqliyyat sahəsində çalışan Valeh Hümmətoğlu “Azadlıq” radiosuna açıqlamasında deyib ki, plan birbaşa qaldırılmasa da, dolayısı ilə qaldırılıb. Belə ki, əvvəllər bir sürücü gün ərzində 21 manat plan ödəyirdisə, indi iki sürücü birlikdə gün ərzində 32 manat plan ödəyəcək:
“Sürücü səhər 8-dən axşam 8-ə qədər işləyib planı ödəyirdisə, indi onlar saat 8-dən 2-yə qədər işləməlidir. Camaatı istismar edirlər. Bilirlər ki, işsizlikdir, iş yeri yoxdur, insanlardan istifadə edirlər. Çünki bilirlər ki, insanlar işlərini itirməkdən qorxurlar, bilirlər ki, işdən çıxsalar, qazandıqları qəpik-quruşu da itirəcəklər. Bu yolla onları istismar edib pulu canlarından çıxarırlar”.
Valeh Hümmətoğlu əlavə edir ki, 5 min taksi tələbatı olan Bakıda 20 min taksinin işləməsi, üstəlik, işsizlik üzündən çarəsiz sürücülər rəsmilərin dedikləri ilə razılaşmağa məcbur qalırlar.
Qeyd edək ki, avqustun 27-də “Bakı Taksi” MMC-də sürücülərlə görüş keçirilib. Görüşdə onların bundan sonra iki növbə ilə işləyəcəkləri, hər bir sürücünün də 16 manat ödəyəcəyi, yəni gündəlik bir taksidən 32 manat alınacağı elan olunub. Bu görüşdən sonra bəzi taksi sürücülər Nəqliyyat Nazirliyi qarşında etiraz aksiyası da keçiriblər.
“London taksi” sürücüləri bundan əvvəl də bir neçə dəfə Nəqliyyat Nazirliyi qarşısında aksiya keçirmişdilər. Bu aksiyalardan sonra plan 50 manatdan 21 manata endirilmişdi.
Ramin DEKO