Burada adamlar yalanı xoşlayır

Qənimət Zahidin çap olunmayan «Ölüm korpusu» kitabından parçalar…

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

Həddən artıq isti günlər bizi yaxınlaşdırdı. Adı Rövşən idi. Dələduzluğa görə həbs edilmişdi. Indi yadımda deyil, Bakının bu biri üzündəki hansısa rayon prokuroru ilə münaqişəsinin olduğunu və prokurorun da onu şərləyib tutdurduğunu söyləyirdi. Gərək ki, Suraxanı, Sabunçu, Nizami rayonlarından birini qəsd edirdi. Mən Bakının bu üzünə nadir hallarda gedirəm deyə, o koordinatlar nə coğrafi, nə də şifahi qaydada yadımda qalır.
Münasibətlərimiz get-gedə yaxınlaşdı. O, mənə bir qəzet də göstərdi. “Kəngərli” adlı qəzetin bir, ola bilsin, hətta birinci nüsxəsi idi. 80-ci illərin sonu üçün xarakterik olan “samizdat” tərtibatına oxşayan bir dizaynı vardı, amma il 2007-nin əvvəlləri idi. Adam bu qəzetin təsisçisi idi. Ali təhsili olmadığına görə qəzet redaktoru ola bilməzdi, görünür.
Rövşən yazmağı xoşlayırdı – amma şikayət ərizələri. Həm də kiril əlifbası ilə yazırdı. Özünün dediyinə görə, onun ərizələri daşdan keçir və dərhal reaksiya verirlər. Insafən, onun ərizəsinə görə Penitensiar Xidmətdən “zon”a gələn bir-iki yoxlamanın da şahidi olmuşdum. Amma bu yoxlamaların heç kimə, hətta Rövşənin özünə də xüsusi bir xeyri olmurdu. Gəlirdilər, orada rejimin rəisindən-müavindən beş-on manat alıb dabanı üstündə geri dönürdülər. Buna görə də Rövşənə israrla təkid etdim ki, bu vərdişi azaltsın və mümkün olan kimi birdəfəlik durdursun: “Tutaq ki, sən hansısa xırda bir yaramazlıqdan nəsə yazırsan. Böyük bir yaramaz gəlir, həmin xırda yaramazlığın üstünü ört-basdır etmək üçün beş-on manat alır, səninlə də söhbət edir və təsəlli verib gedir. Şikayətçi olduğun problemi de, buradaca özümüz həll edək. Sənin nəyinə lazımdır hansısa axmağa qonaqlıq təşkil etdirmək?”
Deyəsən, bu arqument Rövşənin beyninə batdı, hər halda, uzun müddət yazmadığını bilirdim.
Bu davamlı şikayət ərizəsi yazmaq dustaq arasında da yaxşı qarşılanan vərdiş deyil. Bir dəfə-iki dəfə olar – bəlkə də, amma davamlı qələmə sarılmaq və öz problemlərini bunun vasitəsilə həll etmək isti münasibətlə qarşılanan xasiyyət deyil. Bura dəftərxana yox, həbsxanadır və bu “xana”nın özəl qaydalarını nəzərə almaq zəruridir.
Mən bu yazı-pozu işini, üstəlik, kimdənsə şikayətçi olmaq vərdişlərini özümə yaxın buraxmırdım. Hətta başqaları üçün şikayət ərizələri yazmaq da mənim işim deyildi. Sonra adımızın əvvəlinə hələ bir başqa ayama da qoysunlar, elə bu çatmırdı. Bir dəfə hətta məni divara dirədilər, az qala. Beş-altı nəfərlə bir kupedə oturub söhbət edirdik. Hamısı da “stajlı” dustaqlar idi. Sumqayıtlı bir dustaq bizə yaxınlaşdı və dik üzümə dedi ki, “mənə yardım et”. Nə yardım? Məlum oldu ki, arvadını boşamaq istəyir, buna görə də məhkəməyə ərizə yazmalıdır. Dalan vəziyyətidir. Köhnə dustaqlar marığa yatdılar. Imtina eləmək dustağın dərdinə sayğısızlıqdır, ərizəni yazmaq da bir mərtəbə aşağı düşmək kimi bir şeydir. Mən tərəddüd etmədən dedim: “Eldar, bax, əgər evlənmək istəyirsən, baş üstə, gətir ərizəni yazım, başqa sənədlərini də qaydasına salaq. Amma mən bir ibadət adamıyam, sən isə məni bir evin yıxılmasında iştirakçı olmağa çağırırsan. Niyə məni günaha batırırsan? Mən sənin boşanmağını, körpələrini atasız qoymağını rəva və məsləhət görmürəm. Amma təkid etsən, Rövşənə yaxınlaş, mən də ondan xahiş edərəm, yazar”.
Eldar getdi. Taleh oturanların hamısına zənnlə baxıb: “Gördüz?, – dedi. – Kimin nə sözü ola bilər?”
Təbii ki, heç kimin heç bir sözü ola bilməzdi. Gediş mükəmməl idi.
Rövşəni də bu cür münasibətlərin içində olması üçün yazmaqdan çəkindirirdim. Zatən, onunla kiminsə işi yox idi. Özünə hər cür şərait yaratmışdı. Mənim “xlebnik”im deyildi, amma kupe yoldaşım idi və hamı da bizi bir yerdə təsəvvür edirdi. Bir ara Rövşən tək qalmışdı, “xlebnik”ləri çıxıb getmişdilər evlərinə. Korpusa bir türk gətirdilər. Onu qarşıladım. Dənizlidən olduğunu dedi. Zəhmətkeş və səmimi adam idi Afər. Müdiri ilə arasında anlaşılmazlıq olduğuna görə onu ilişdirib tutdurmuşdu. Müdiri də türkiyəli idi. Bu Afərlə bir az söhbət edəndən sonra onun normal adam olduğunu gördüm və Rövşənə tövsiyə etdim ki, onunla “xlebnik” olsun. O da təklifimi qəbul etdi. Yaxşı da yola gedirdilər. Amma sonralar bir hadisələr eşitdim, Allah göstərməsin! Mən “zon”dan çıxıb xəstəxanaya gedəndən sonra Afərin atası Türkiyədən 3 min dollar pul göndəribmiş ki, Afər həmin pulu verib “üçdə bir”ə çıxsın. Pulu Rövşənin qohumlarının adına göndərib. Amma pul Afərə gəlib çatmayıb. Rövşən həmin 3 min manatı hansısa mərhələdən keçirə bilməyib, keçirmək istəməyib, ola bilər, pul gözünə çox cəlbedici görünüb… Idarədə Afərə təklif ediblər ki, olay barədə bir ərizə yazsın, Rövşəni təkrar məsuliyyətə cəlb etmək mümkün olsun deyə. Afər yazıq… Kasıb, amma mərd Afər imtina eləyib: “Bunların bu adamla öz haqq-hesabları var, məndən yararlanmaq istəyirlər”, – düşünüb, ərizə yazmayıb.
Amma dustağın azadlıq haqqını da rahat yemək olmaz, axı. Bu münaqişənin gedişində Rövşən özünü çox urvatdan salıb, onu korpusdan çıxarıb karantinə atıblar, bir ara qarnını-qolunu kəsib xəstəxanaya gəlmək istəyib. Qərəz, özünü hörmətli oğlan kimi göstərmək istəyən, “zon”da da üzdə olan beş-altı nəfərdən biri kimi tanınmaq və qəbul edilmək iddiası cəmi bir neçə həftənin içində xıncım-xıncım olub dağılıb. Sonra da ümumiyyətlə “17″dən çıxarılıb və başqa ”zon”a köçürülüb.
“Zon”, həbsxana elə bir yerdir ki, burada adamlar çöldəki həyatları ilə bağlı yalan danışmağı xoşlayırlar. Həm də bu yalan həmişə maddi imkanların maksimum bolluğu üzərində qurulur. Məqsəd isə çoxdur. Birincisi, çöldəki imkanlar və təminatlar haqqında yalan ağlabatan olsa, içəridə “lox” tapmaq daha asan olur. Ikincisi, bayırdakı ehtimal edilən maddi imkanlarla içəridə kimlərisə şirnikləndirib müxtəlif planlar qurmaq olur. Üçüncüsü, heç olmazsa, burada xəyallarının adamı ola bilirsən, düşünürsən ki, nə olaydı, danışdığım qədər ola biləydim və əgər bu yalanlara inananlar çox olursa, o zaman burada xəyallarının adamı kimi davrana bilirsən.
Başqa cür yalanlar da olur. Axı, məsələn üçüncü, dördüncü və daha artıq dəfə həbsxanaya düşən adan bayırdakı nəhəng imkanları ilə qürrələnə bilməz. O zaman adama, “axmaq, – deyərlər, – bu qədər imkanla özünə ağıllı-başlı bir həyat qura bilmirsənmi, bu həbsxanalarda nə sülənirsən?”
Buna görə də köhnə dustaqlar arasında özünün cinayətləri ilə öyünmək dəbdədir – hətta etmədikləri, bəlkə də təsəvvürlərində yaşatdıqları, filmlərdə görüb öz həyatları üçün ssenariləşdirdikləri cinayət əməlləri barədə danışarlar.
Köhnə dustaqlar həm də köhnə “srok”ları barədə də yalan danışmağı xoşlarlar. Amma bunları danışarkən çox ehtiyatlı olmaq lazım gəlir. Nə bilirsən, bir də gördün, ötən dəfə səninlə bir yerdə olan başqa birisi gəlib çıxdı, danışdığın nağılların həyatla heç bir əlaqəsinin olmadığı aydınlaşdı. Onda it də gedir, ip də…

ardı var