Televiziyaların özünütəbliği həddini aşır. Hər əlinə mikrofon götürüb özünə aparıcı deyən gənc işdə irəli çəkilməyin yolunu qabaqca çalışdığı telekanalı, sonra öz verilişini tərifləməkdə, qonağına təriflətdirməkdə görür. Bu pis nümunə get-gedə normaya çevrilir. Xəstəlik yayılır. Bəllidir, göstəriş televiziya rəhbərlərindən gəlir, belə olmasaydı, ağzı söz tutmayanlara efirdə bunca sərbəstlik verilməzdi. Adama elə gəlir ki, telekanallar idarə olunmur, kimsədən haqq-hesab sorulmur. “Kimsə kiminsə kitabını oxumur”…
“Space”, Ictimai, “Lider” telekanalları görməmişliyin pik nöqtəsindədilər. Kanallarının adı dillərindən düşmür. Minnətdarlıqların sayı azalmır. “Space”də efirin baxımlı saatlarını özəlləşdirən Mikayıl adlı aparıcı lap şitini-şorunu çıxarıb. Tərifi yığıb-yığışdıra bilmir. Yəni, adam bircə yol özünə qıraqdan baxmağı, baxıb da xəcalət çəkməyi bacarmazmış? “Lider”dəki Zaur boz-bulanıq “Rəngarəng”ini tərifləyəndə böyründən biri “bəsdi, özünü təriflədin, get, danışmağı öyrən” – deyə bilməzmi? Son zamanlar ATV-nin özünütərif kampaniyası bir balaca səngiyib. Bircə Xoşqədəm xanımı da sadə, səmimi aparıcılara daha çox baxıldığına kimsə inandıra bilsəydi…
Kim düşünürsə ki, özünü təriflətdirmək, ya bunu ayrılarına elətdirmək tamaşaçı reytinqini artırır, səhv edir. Bugünkü tamaşaçı sovet dönəminin yalanlarını gerçək bilən, hər deyilənə uyan, Heydər Əliyevin müstəqillik dönəmində qorxu içində yaşamağa məcbur olan, məqsədli teletəbliğata içində belə, etiraz etməyi bacarmayan tamaşaçı deyil. Günümüzün texniki imkanları dünyanın o başından bu başına yüzdən çox telekanalı izləmək fürsəti yaradır. Çoxları gününü-gecəsini internetdə keçirir. Ondan sonra hansı axmaq tək-tük proqramları çıxmaqla Azərbaycan televiziyalarına vaxt ayırar?
Bu yaxınlarda özündənrazı jurnalistlərdən biri müsahibəsində belə bir fikir səsləndirdi: “Hamı deyir, ölkə televiziyalarına baxmıram, amma soruşanda bəlli olur ki, bütün verilişlərdən xəbərdardır”. Televiziyaların efirindən xəbərdar olmaq, verilişləri davamlı izləmək, onları bəyənmək demək deyil. Sadəcə, o kanaldan bu kanala çevirmələr zamanı adamın gözü göstərilənə sataşır və efirdən xəbərdar olur. Bilirsən danışan kimdi, nədən danışır, məqsədi nədir, niyə məhz bu qonağı çağırıb və sair. Bu hələ verilişə baxmaq deyil. Bu gün heç bir kanal deyə bilməz ki, mənim hansısa proqramımın kütləvi daimi izləyicisi var (informasiya və şou-proqramları çıxmaqla). Azərbaycanda kimsə teleserialları saatbasaat gözlədiyi kimi hansısa müəllif proqramını gözləmir, izləmir. Getdikcə kiçilir, küçülür, aşınırıq.
Bu baxımdan Ictimai Televiziyanın yeddi illiyinə həsr etdiyi müsiqili verilişin bir hissəsini sırf işimin xatirinə izləyəndən sonra bir az da bədbinləşdim. Nədən mənim gördüyüm eybəcərlikləri Ictimai Televiziyanın rəhbərliyi görmür, onları düzəltməyə çalışmır? Tamaşaçısını bunca səviyyəsiz, hətta bəlkə də ağılsız bilir? Adam özünü nə qədər təriflədər, aparıcı özündən, kanalından nə qədər müştəbeh olar? O axşam aparıcı Saleh lap canımızı boğazımıza yığdı. Qüsurlu nitqi ilə tərifi-tərifə caladı. Qəti əminəm, o verilişlə bağlılığı olmayanların biri də (özü, ya yaxını orda iştirak edənləri çıxmaqla) öldürsən də, daha ITV-ni izləməyəcək. Niyə də izləsin, yeddi ildir eyni formatlı veriliş hazırlayır, hər kəsə özlərini təriflətdirirlər, bircə pillə irəliləyiş yoxdur. Əksinə təzə-təzə üç-beş maraqlı layihə vardı, onlar da köhnəldi, təzələri yaranmadı. Yüz belə məqsədli veriliş, ya saytlarda sifarişlə yazdırılan yazı, vədlərlə alınan tərifli rəylər tamaşaçının “Ictimai”yə münasibətini dəyişə bilməz.. Tamaşaçı axmaq olub bir mənasız verilişə iki kərə baxar, yeddi dəfə niyə baxsın ki? Mən də baxa bilmədim. Leyla xanımın uyğunsuz geyimi ilə eybəcər hala düşmüş sinəsinə baxmağın xəcaləti məni tərlətdi. Gör “Ictimai” nə günə qalıb ki, verilişə baxdırmağın yolunu aparıcısının biabırçı geyimində görür. Hələ bu günəcən heç bir televiziyada belə Aygün Kazımovasayağı yarıçılpaq aparıcı görməmişdim, “birinci” və “milli” kanalda gördüm, verilişin iştirakçıları daha yaxından gördü. Adam nəyi necə yazmasını da bilmir, yazmaqdan utanır.
Sənubər