Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Sabirabad rayonundakı büstünün götürülməsi AXCP-də narahatlıq yaradıb. Partiyanın bununla bağlı yaydığı bəyanatda indiki hakimiyyətin Rəsulzadəyə qısqanc münasibəti təəssüflə xatırladılır və bu baxımdan Sabirabadda götürülən büstün yerinə qaytarılmayacağından narahatlıq ifadə olunur.
“Azərbaycan dövlətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Sabirabad rayonunda, İcra Hakimiyyətinin binası qarşısındakı parkda yerləşən büstü oradan götürülüb və hara aparıldığı məlum deyil. Bununla bağlı hər hansı rəsmi izahat verilməsə də, belə məlumatlar daxil olur ki, büstün guya parkın təmiri ilə əlaqədar götürüldüyü deyilir və təmirdən sonra yerinə qaytarılacağı vəd olunur.
Əliyevlər hakimiyyətinin Rəsulzadəyə bəslədiyi mənfi münasibət ölkə ictimaiyyətinə yaxşı məlum olduğundan büstün birdəfəlik götürüldüyü və yerinə qaytarılmayacağı ehtimalı güclüdür. AXCP bundan dərin narahatlıq hissini ifadə edir və Sabirabadda Rəsulzadənin büstünün əvvəlki yerinə qaytarılacağını gözləyir.
AXCP təəssüflə xatırladır ki, dövlətimizin banisi Rəsulzadənin abidəsi üçün Bakıda ayrılmış yerlər sonradan başqa məqsədlər üçün istifadə olunub, böyük öndərin nəzərdə tutulan heykəlləri ucaldılmayıb, adı onun qurucusu olduğu Bakı Dövlət Universitetindən götürülüb. Rəsulzadəyə qarşı Prezident Administrasiyasından qidalanan bu münasibət Azərbaycanın bölgələrində də əksini tapıb. Bu baxımdan Sabirabaddakı büstü onun xatirəsini əbədiləşdirən nadir maddi vəsait idi. Bu büstün götürülməsinin də Rəsulzadənin izini Azərbaycandan silməyə cəhdin tərkib hissəi olduğunu düşünməyə kifayət qədər əsaslar var.
AXCP bunun belə olmayacağına ümid edir və hakimiyyət orqanlarını xalqın heysiyyatı ilə oynamamağa, Rəsulzadəyə qarşı qısqanc münasibətədən əl çəkməyə, onun Sabirabadda götürülən büstünü yerinə qaytarmağa, eləcə də xatirəsinin ölkə boyu adına uyğun şəkildə əbədiləşdirilməsi üçün tədbirlər görməyə çağırır”, – deyə bəyanatda bildirilir.
Rəsulzadənin büstünə görə AXCP-dən etiraz
•
•