Polis “Demokratiya naminə oxu” kampaniyasının fəallarına səfirlik binasına yaxınlaşmağa imkan vermədi
“Demokratiya naminə oxu” (Sing for democracy) hüquq müdafiə kampaniyasının fəalları sentyabrın 1-də günorta Rusiyanın Bakıdakı səfirliyi qarşısında piket keçirməyə cəhd ediblər.
Aksiya iştirakçıları “Pussy Riot” qrupunun 2 il müddətinə həbs edilməsinə etiraz ediblər. Iştirakçılar həbs edilmiş ifaçıların şəkillərini və “Pussy Riot-a azadlıq!”, “Musiqiyə azadlıq” şüarları yazılan plakatlar qaldırıblar. Lakin polis onların binaya yaxınlaşmasına imkan verməyib və geri sıxışdırıb. Aksiya təşkilatçıları- RATI direktoru Emin Hüseynov və Rəsul Cəfərov saxlanılaraq, 20-ci polis bölməsinə aparılıblar. Orada onların icazəsiz küçə yürüşü keçirdikləri haqqında protokol tərtib edilib və onlara xəbərdarlıq edilib. Piketin jurnalistlərə təqdim edilən qətnaməsində deyilir ki, Pussy Riot barəsində hökm “siyasi sifariş əsasında” çıxarılıb. “Hesab edirik ki, qrup iştirakçılarının həbsi kilsədə Rusiya prezidenti Vladimir Putinə qarşı oxuduqları mahnı və bunun videosunun Youtube-da yerləşdirilməsi olub. Qızların cəzalandırılması törədilmiş əmələ qətiyyən adekvat deyil”, deyə qətnamədə bildirilir.
Eyni zamanda, “Demokratiya naminə oxu” kampaniyasının fəalları “Xilaskar Isa kilsəsi” mənsublarına hörmətlərini ifadə edir və aksiyanı Pravoslav Kilsəsinə etiraz kimi qiymətləndirmirlər. “Biz bir daha Rusiya hakimiyyətini ifadə və yaradıcılıq azadlığına hörmət etməyə və Pussy Riot qrupunun həbs edilmiş iştirakçılarını azad etməyə, qrupun digər iştirakçılarının təqibinə son qoymağa çağırırıq”, deyə piketin qətnaməsində qeyd edilir.