Samuxda güclü yanğın olub (VİDEO)

Yanğını söndürmək üçün hadisə yerinə Gəncədən də yanğınsöndürənlər gəlib

Bu gecə Samux rayonu ərazisində yanğın hadisəsi baş verib. Yanğın kənd sakinlərinin mal-qara saxladıqları kiçik fermadan başlayıb. İnstitut qəsəbəsindəki kiçik fermada yanğın gecə saat 23.00 radələrində başlayıb. Burada kənd sakinlərinin mal-qarası və yemlik ot tədarükü olub. Təxminən 50-dən çox kənd sakininə məxsus heyvan saxlanılan yerdə quru ot preslərinin yanması alovu daha da şiddətləndirib.

Mal-qaranı ərazidən çıxarmaq mümkün olsa da, ərazi yararsız hala düşüb.Sakinlər deyir, yanğın bu ərazidə bundan əvvəl də eyni yerdə baş verib. Onlar ehtimal edir ki, hadisəni kimsə qəsdən törədib.

Yanğını söndürmək üçün Samux yanğınsöndürənlərinin köməyinə Gəncədən də yanğınsöndürənlər gəlib. Bir neçə saat sonra yanğının qarşısını almaq mümkün olub.Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb.