Hakimiyyət daxilində ikitirəlilik

“Hökumət 2013-lə bağlı iki fərqli ünvanda beynəlxalq dəstək axtarır”

Hakimiyyətin 2013 planları ilə bağlı fərqli düşərgə təmsilçilərinin dilindən bənzər açıqlamalara şahid oluruq. Söhbət, YAP hakimiyyətinin qarşıdakı seçkidə seçimi hansı beynəlxalq qüvvənin – Rusiyanın, yoxsa Qərbin xeyrinə  edəcəyindən gedir. Son olaraq Ümid Partiyasının sədri Iqbal Ağazadə belə bir açıqlama verib ki, hakimiyyət daxilində fərqli siyasi xətdi müdafiə edən iki böyük güc var.
Birincixətdi müdafiə edənlərin böyük əksəriyyəti mövcud hakimiyyəti Rusiyanın yanında saxlamaq və onun dostu etməklə qorumaq istəyir. Ikinci kəsim isə mövcud hakimiyyəti olduğu kimi qorumaq, lakin Rusiyanın yox, Qərbin yanında olmaq istəyir.

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn isə bu yaxınlarda belə bir fikir səsləndirmişdi ki, hakimiyyət 2013 planlarını yekunlaşdırmaq üçün Suriyadakı olayların nəticəsini gözləyir. Əgər Suriya beynəlxalq aləm qarşısında dirəniş göstərə bilsə, Azərbaycan hakimiyyəti seçkiyə Ilham Əliyevin namizədliyi ilə gedəcək. Əks halda isə hakimiyyət müəyyən islahatlar aparmağa məcbur qala və onun namizədi Ilham Əliyev olmaya bilər.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da hesab edir ki, hakimiyyət daxilində iki fərqli ünvanda beynəlxalq dəstək axtaran qüvvələr var: “Bu qüvvələrin hər ikisi hakimiyyəti qorumaq uğrunda mübarizədə beynəlxalq himayəyə ehtiyac duyur. Ancaq idaretməyə, korrupsiyaya, demokratiyaya münasibətdə bunlar arasında hər hansı fərq yoxdur. Eyni düşüncəli insanlardılar. Qarşıdakı prezident seçkilərində hakimiyyətin namizədinin hansı qruplaşmanı təmsil edəcəyini, namizəd dəyişməyəcəyi təqdirdə isə hansı qrupun ənənəvi saxtakarlığı həyata keçirəcəyi ilə bağlı rəqabət gedir. Müəyyən qruplaşma var ki, Qərblə təmaslara üstünlük verir. Həmin qruplaşma Qərblə təmaslarda belə bir vəd verir ki, əgər bu dəfə də hakimiyyətdə qalsalar, növbəti mərhələdə demokratikləşmə ilə bağlı addımlar atacaq, islahatlara başlayacaqlar. Və Qərbin gözləntilərini təmin edəcəklər. Digər qruplaşma isə Rusiyanın daxildəki təsir qüvvəsi kimi fəaliyyəti göstərir. Və Rusiyanın himayəsinə sığınmağı məqbul sayır”.
F.Qəhrəmanlının sözlərinə görə, hakim ailə səviyyəsində də həm Qərblə, həm Rusiya ilə eyni xarakterli müzakirələr gedir: “Düşünmürəm ki, Qərb hakimiyyətdaxili qruplaşmaların ölkənin gələcəyi ilə bağlı verdiyi vədləri inandırıcı hesab edir. Çünki zamanında dəfələrlə bu istiqamətdə mesajlar olub, amma özünü doğrultmayıb. Ona görə də böyük ehtimalla seçki öncəsi bütün kartlar açılacaq. Həqiqətən də dəyişiklik istəyi varsa, bu, seçkinin necə keçirilməsində özünü ifadə edəcək”.