İlham Əliyevin aclıq edəcəyi O Gün

Cəmi iki il bundan əvvəl heç kimin ağlına gəlməzdi ki, dünyanın ən böyük supergücü olan ABŞ-ın yaxın müttəfiqi, ərəb dünyasının lideri, Qərbyönümlü siyasət aparan və Israillə normal münasibətlər saxlayan Hüsnü Mübarək 30 ildən artıq fironluq etdiyi ölkədə öz hüquqlarının tapdanmasına etiraz əlaməti olaraq aclıq aksiyası keçirəcək.
Ağla gəlmirdi, ancaq baş verdi: indi – o dünya ilə bu dünya arasında gərdiş edən Hüsnü Mübarək aclıq aksiyası ilə xalqının, dünya ictimaiyyətinin diqqətini “ədalətsizliklərə” çəkmək istəyir.
1991-ci il fevral ayının 7-də Azərbaycan Milli Məclisində deputatların hiddətli sualları qarşısında əlini qulağına aparıb, “yaxşı eşitmirəm, nə deyirsiniz?” və ya “gözüm yaxşı görmür, sual verən kimdir?” deyən ağsaqqalın, ömrünün ixtiyar çağını vətənində keçirmək üçün Azərbaycana qayıdan keçmiş “Politbüro” üzvünün də cəmi iki ildən sonra hakimiyyətə yiyələnəcəyini; atasına qarşı başlayan siyasi təzyiqlər nəticəsində müəllim işlədiyi institutdan qovulduğunu, ailənin ağırlığını çəkmək üçün xırda biznesə girişdiyini söyləyən Ilham Əliyevin də prezident olacağını… təsəvvür etmirdik.
Amma baş verdi!
Cəmi iki il əvvəl efirə gedən filmdə, “atama qarşı siyasi təzyiqlərin acı nəticəsi” olaraq işdən çıxmasını hallandıran və bunu dəhşətli ədalətsizlik kimi xüsusi vurğulayan Ilham Əliyev indi siyasi rəqiblərinə qarşı eyni, həm də daha sərt münasibət sərgiləyir: onların yaxınlarını işdən qovdurur, müxtəlif ittihamlarla həbs etdirir, özlərini bir parça çörəyə möhtac qoyur, əleyhlərinə kütləvi kampaniya aparır…
Heç elə bil 1987-ci ildə Heydər Əliyevin “Politbüro”dan uzaqlaşdırılması ilə işdən qovulan adam bu deyil; heç elə bil sərasər 4 il siyasi təqibin ağrı-acısını çiyinlərində yaşamayıb…
Unudub hər şeyi – çəkdiklərini də, bu acıları ona yaşadanlara qarşı yaranan təbii nifrətin mövcudluğunu da.
Unudub, – həm də onu unudub ki, “qulağı eşitməyən”, “gözü görməyən” Heydər Əliyev parlamentdə suçlananda, siyasi elita tərəfindən haqsı-haqsız iradlara tuş gələndə… bu “ədalətsiz və allahsız” hücumlardan xalq necə qəzəblənmiş və SSRI “Politbürosu”na qədər yüksəlmiş övladını necə şiddətlə dəstəkləməyə başlamışdı! Unudub ki, özünün gözdən salınması kampaniyası zamanı bir çoxları bu piardan bezib, onun müdafiəsinə necə qalxmışdı!
Yaddaşsızdır, unudub və unutduğuna görə də rəqiblərinə qarşı sovet təfəkkürü ilə “mübarizə” aparır; apardığı bu ədalətsiz mübarizənin isə onu “ədalətsizliyə etiraz olaraq” aclıq aksiyası keçirəcəyi günə necə sürətlə apardığının fərqində deyil.
Əgər qətiyyətli zabitlər kimi ad çıxaran məşhur polkovniklər – Hüsnü Mübarək bu gün aclıq edirsə; Müəmmər Qəzzafi tarix səhnəsindən silinibsə; hakimiyyəti atasından miras alan Bəşər Əsəd Iranın ciddi hərbi dəstəyinə rəğmən, ikinci Əfqanıstana çevirdiyi Suriyada son günlərini yaşayırsa… Ilham Əliyevin “ədalətsizlik və siyasi təqiblərdən” şikayətlənəcəyi Bir Gün yaşamayacağı proqnozunu kim verə bilər?
Bax, bu gün Ilham Əliyevin çökdürməyə çalışdığı, satışını əngəllədiyi, sıradan çıxarmaq üçün bütün inzibati metodlardan istifadə etdiyi demokratik mətbuat O Gün gələndə Ilham Əliyevin müdafiəsinə qalxacaq – necə ki, 1991-92-ci ildə Heydər Əliyevin ictimaiyyətə səslənişlərini yayırdı, suçlamalar qarşısında ona cavab haqqı tanıyırdı; necə ki, “konkret rədd ol” deyə azad media təmsilçisini aşağılayan, vaxtilə özünü yarımallah sayan Əli Insanovun timsalında Şərə xidmət etmiş və elə Şərin də qəzəbinə gəlmiş çoxlarına söz haqqı tanıyır…
Amma təəssüf ki, Ilham Əliyev unudub və unutduğuna görə də Azərbaycanın bütün perspektivi kimi, öz gələcək təminatını da məhv edir…