Qəzetimiz bağlanmaq təhlükəsində

“Azadlıq” qəzeti sentyabrın 3-nə kimi “Azərbaycan” nəşriyyatına borcunu ödəməsə qəzetin fəaliyyəti dayana bilər. Qəzetin nəşriyyata 14 min manat həcmində çap xərcləri, 11 min manat həcmində isə kommunal borcu var.

Nəşriyyat rəhbərliyi borcun ödənməyəcəyi təqdirdə, sentyabrın 3-dən redaksiyanın fəaliyyətinə və qəzetin çapına imkan verilməyəcəyi haqda qəzetə artıq rəsmi xəbərdarlıq məktubu göndərib.

Qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev “Turan” agentliyinə deyib ki, belə durumun yaranmasına əsas səbəb “Qasid” mətbuat yayım firmasının qəzetə olan 28 min manat maliyyə vəsaitini ödəyə bilməməsidir. Bununla bağlı qəzet rəhbərliyi firma ilə dəfələrlə danışıqlar aparsa da danışıqlar nəticəsiz qalıb. Belə ki, son vaxtlar “Qasid” mətbuat yayım firmasının köşklərinin çoxu yığışdırıldığından firmada ağır maliyyə vəziyyəti yaranıb.

R.Hacıyev mətbuat yayım sisteminin dağıdıldığını, “Qasid” firması köşklərinin yerinə qoyulan “Press köşk”lərin qəzet satışında maraqlı olmadığını xüsusi vurğulayıb. Onun fikrincə, mətbuat yayım sisteminin belə dağıdılması iqtidarın bu sahədə atdığı addımların nəticəsidir. Rəsmi qurumların səyyar qəzet yayımına icazə vermədiyini deyən redaktor iqtidarın bu qanunsuzluğu səyyar yayımçıların “nəqliyyatın hərəkətinə mane olması” kimi cəfəngiyyatla əsaslandırmağa çalışdıqlarını söyləyib.

O, qəzetin mövcudluğunun sırf satışından asılı olduğunu, satışa ciddi problemin yaradıldığını qeyd edərək başqa çıxış yolunun olmadığını söyləyib. “Biz müəyyən cəhdlər edirik, amma onun təsirli olacağına inamım cox azdır” deyə R.Hacıyev vurğulayıb.