İlham Əliyevin tortsuz çay süfrəsi…

Məlahət Ağacan Rübabə

Əvvəllər sevgi şeirləri yazırdım, sonra köşələr yazmağa başladım. İndi isə nə şeir yaza bilirəm, nə də köşə, çünki  Əliyevlərin siyasəti içimizdəki sevgini, mübarizəni qurutdu, çiyinlərimizə düşən sonsuz qayğılar üzündən yaddaşımızdan  ən şirin xatirələr silindi, ən gözəl günlər unuduldu. Problemlər üzündən doğmalarımızın son nəfəsinə çatmağa gecikiriksə, şeir, köşə yazmağa vaxt hardan olsun… Amma heç vaxt unutmadığım, yaddaşımdan silinməyən “oxucu”larım da var, mən onlar üçün həmişə yazacağam, oxumasalar da yazacağam. Fikrimdə həmin yazıların bir nüsxəsini Göydəkinə, o birini də Yerdəkinə yollayıram. Və səbrlə Göydəkinin yerdəkinə verəcəyi cəza gününü gözləyirəm …Məsələn, xeyli vaxtdır İlham Əliyev üçün Azərbaycanda şahidi olduğum hadisələrdən kiçik hekayələr yazıram. O oxumasa da, Göydəki oxuyur:

Hava soyuq və yağışlı idi,  hardasa 30-35 yaşlarında olan bir qadın dükana girəndə kimi heyrətlə, kimi də  kədərlə ona baxmağa başladı: qadının köynəyi qısaqol, ayaqları corabsız idi. Hiss olunurdu ki, soyuqdan çox, utandığından titrəyir. Əsə-əsə “bir cüt corab istəyirəm, paltar yuyurdum corablarım islandı” deyə bildi və yalandan gülmək istədi, əslində isə üzündəki təbəssüm göz yaşları olmayan bir hönkürtü oldu ona baxanlara…

***

Gözlüklü, ucaboy bir kişi dayanacaqdan bir az aralıda yerindən tərpənmədən 10-15 dəqiqə idi telefonla danışırdı:”Vallah, bu il mən qan verə bilmərəm, mümkün deyil. Cəhənnəmə ki, SOCAR-ın vəziyyəti yaxşı deyil, neft yerinə  mənim kimi xəstə işçilərin qanını satmalıdır?! Hər il verirdim, dözürdüm, amma indi xəstəyəm, boyuma, bədənimə baxmayın, hər axşam özümdən gedirəm. Arvad yorulub dükanlardan nisyə qoz-fındıq, şokolad alıb mənə yedirtməkdən, daha nisyə çörək də vermirlər…

***

Uşaqları, xanımı ona baxıb ağlayırdılar. Arada xanımı ərinə yalvarıb deyirdi:

– İcazə ver, gedib kredit götürək, əməliyyat etsinlər səni, həkim deyir o əməliyyat altı ay ömrünü uzadar…

Kişi alnındakı təri silib, hirslə arvadına dedi:

– Əgər həkim sizə desə ki, altı ay yox, altı il ömrüm uzanacaq, yenə də kredit götürməyin, heç kimdən borc pul almayın. Mən istəmirəm ailəm altı-yeddi ay ömrüm üçün ömürlük bankların əsiri olsun…

***

Azərbaycanda daha kitab oxumağa, filmə baxmağa ehtiyac yoxdur, onsuz da hara baxırsan bir acı hekayənin, ürəkağrıdan qısa filmin şahidi olursan. Dəyişik corabı olmayan, işini itirməmək üçün qanını verən, dərman almağa pulu olmayan xəstə vətəndaşın prezidenti deyir ki, “heç bir maliyyə problemimiz yoxdur, gələn il daha uğurlu olacaq”.

Gələn ilin  nə qədər “uğurlu” olacağını prezidentin dediyi gurultulu sözlərdən yox, vəzifəyə qoyduqlarının onun üçün açdığı kasıb süfrələrdən də anlamaq olur. Məsələn, noyabrın 10-da Gəncə şəhərinə gedən İlham Əliyev üçün məmurları ancaq qənddən ibarət çay süfrəsi təşkil etmişdilər. Ayıb olsun! Əcəba, İlham Əliyev yoluna düzülən paxlavalar, tortlar, bəzəkli xonçalar hara qeyb oldu? Harda qaldı Hacıbala Abutalıbovun hər il 10 mayda Heydər Əliyevin məzarı başına səpələdiyi “ million alıx roz”alar?

Vallah, ölkə elə ağır bir duruma düşüb ki, qonaq gedən İlham Əliyev üstünə çay dağıdıb, corablarını islatsa, heç bir məmur sandığından  ona bir çüt corab pay verməz…