«Biz AXCP-ni özümüzə müttəfiq hesab edirik. AXCP bizə heç bir ittiham irəli sürmür»
“Amerikanın səsi” radiosunun “Sərbəst kürsü” onlyan layihəsinə qatılan Müsavat başqanı İsa Qəmbər dinləyicilərin suallarını cavablandırıb. AXCP-Müsavat münasibətləri ilə bağlı süala cavabında İsa Qəmbər deyib:
“Biz Müsavat Partiyası olaraq, AXCP-ni özümüzə müttəfiq hesab edirik və müttəfiqliyi daha da dərinləşdirmək tərəfdarıyıq. AXCP partiya olaraq bizə heç bir ittiham irəli sürmür. Ayrı-ayrı şəxslərin fikir və mülahizələrinə isə hamımız səbirli yanaşmalıyıq.
Biz Müsavat Partiyası olaraq, AXCP ilə Ictimai Palata formatında əməkdaşlıq edirik. Əsas məqsədimiz ölkədə köklü demokratik dəyişikliklərə nail olmaq, saxta parlamentin buraxılıb azad və ədalətli seçkilərlə həqiqi legitim parlament formalaşdırmaqdır”.
İsa Qəmbər vahid namizəd mövzusu ilə bağlı suallara cavabında isə bildirib ki, Müsavat Partiyası ilə AXCP arasında problem yoxdur: “Heç kimə sirr deyil ki, Müsavat Partiyası mənim, AXCP isə öz sədrinin namizədlyini məqsədəuyğun hesab edir. Prezident seçkilərində namizəd məsələsi aktuallaşarsa, biz həm müttəfiqlərimizlə ikitərəfli məsləhətləşmələr aparacaq, həm İctimai Palatada ciddi müzakirələr keçirəcək, həm də cəmiyyətin əhval-ruhiyyəsini nəzərə alıb, xalqımız üçün ən düzgün qərarlar qəbul edəcəyik“.