Müstəqil mətbuatın çapı dayana bilər

Problemin kökü Prezident Administrasiyasına gedib çıxır

Azərbaycan Nəşriyyatı bir neçə mətbuat orqanına, eləcə də “Azadlıq” qəzetinə xəbərdarlıq göndərib. Xəbərdarlığa görə, sentyabrın 3-nə qədər nəşriyyata olan borcunu ödəməyəcəyi təqdirdə qəzetin çapından imtina olunacaq.
Maraqlıdır ki, “Qasid” Yayım Firması Prezident Administrasiyasının ona 60 min manat borcunun olduğunu əsas gətirərək qəzetlərə olan borcunu ödəmir. Qəzetlər də gözünü “Qasid”ə dikərək nəşriyyata olan borcunu ödəyə bilmirlər. Nəticədə ortaya zəncirvari problem çıxır ki, onun da kökü birbaşa Prezident Administrasiyasına gedir.  
“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev baş verənləri hakimiyyətin azad mətbuatı sıradan çıxarmaqla bağlı apardığı siyasətin nəticəsi kimi qiymətləndirir: “Hakimiyyət faktiki olaraq yayım sistemini sıradan çıxarır. Bu da bizim üçün çox ağır nəticələrə səbəb olur. Konkret ”Azadlıq” qəzeti satış hesabına maliyyələşir. Satışda problemlərin olması ciddi maliyyə problemlərinin yaranması deməkdir. “Qasid”in xeyli köşkləri götürülüb, əl yayımına çox ciddi problemlər yaradılıb, yeni köşklər də qəzet satışı ilə demək olar ki məşğul olmurlar. Bütün bunların nəticəsi olaraq belə bir ağır vəziyyət yaranıb. Azərbaycan Nəşriyyatı bizə sentyabrın 3-nə qədər vaxt verib. Bu olduqca ciddi məsələdir. “Qasid” bizə olan borcunu qaytarmır deyə, nəşriyyata xeyli borcumuz yaranıb. Onlar borcu ödəsə, biz də dərhal nəşriyyata ödəyərik”.
R.Hacıyevin sözlərinə görə, hazırda qəzetin nəşriyyata olan borcu 14 min manatdır: “Qasid”in isə bizə 30 min borcu var, yəni həmin məbləğdən iki dəfə çox. Müxtəlif bəhanələr gətirirlər. Apreldən bu yana satılmış qəzetlərimizin pulunu ala bilmirik. “Qasid” bunu belə əsaslandırmağa çalışır ki, onların xeyli sayda köşkləri götürüb. Amma söhbət, bizim satılmış nüsxələrimizdən gedir. Satıblarsa, pulunu da ödəməlidirlər. Yaranmış vəziyyətdən sui-istifadə edərək borclarını ödəmək istəmirlər. Istəsələr, problem həll olunar. Bu vəziyyəti hakimiyyət özü yaradıb. Mətbuatın problemlərinin həllində qətiyyən maraqlı deyillər. Hakimiyyət çox açıq şəkildə təmaslardan qaçır. Çıxılmaz vəziyyətə düşmüşük. Vəziyyətdən necə çıxmaqla bağlı qərar belə, verə bilmirik”.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Azərbaycan Nəşriyyatından buna qədər bir neçə dəfə şifahi xəbərdarlıq aldıqlarını deyir: “Qasid” bizə olan borcunu ödəsə, biz də çapla bağlı yığılmış borclarımızı verərik. Bunu onların özünə də demişik. “Qasid” ödəmələri ləngitdiyi üçün maliyyə böhranı yaşayırıq. Hakimiyyət mətbuatın problemlərini həll etmək istəmir. Qəzetlərin bu vəziyyətə salınması məqsədli siyasətin nəticəsidir. Bizi indikindən də pis duruma salmaq istəyirlər. Amma biz də həmişəki kimi müqavimətimizi göstəririk. Çıxmaqda davam etməyin, alternativlər axtarmağın özü mübarizənin bir formasıdır. Bu prosesin nə qədər davam edəcəyi ilə bağlı proqnoz vermək olduqca çətindir”.