Eldar Əzizov Vasif Talıbovun yolunu gedir

Sumqayıtın icra başçısı indi də çayxanalara hücum çəkib

Sumqayıtın icra başçısı Eldar Əzizov şəhərdə sahibkarlığı məhv etməkdə davam edir. Icra başçısı təyin olunduğu ilk aylarda Sumqayıtda ticarət obyektlərini yerlə yeksan edən, yüzlərlə ailəni çörəksiz qoyan icra başçısı indi də çayxanalara qarşı hücum kampaniyasına başlayıb.
Redaksiyamıza daxil olan məlumatlara görə, Eldar Əzizov hələlik qapalı çayxanalara dəymir. Icra başçısının hədəfində açıq havada fəaliyyət göstərən çayxanalardır. Dünəndən etibarən icra başçısı həmin çayxanaların yığışdırılmasına göstəriş verib. Icra başçısının bu addımını səbəbini heç kəsə izah etmir.
Eldar Əzizovun Sumqayıtdakı önəmli problemləri bir kənara qoyub, sahibkarlara hücum çəkməsi əlbəttə ki, Azərbaycan hakimiyyətinin mahiyyətindən irəli gəlir. YAP iqtidarı ölkədə sahibkarlıq mühitini məhv etmək siyasəti yürüdür.  Eldar Əzizov da bu hakimiyyətin məmurudur.
Halbuki Sumqayıtda işsizlik, narkomaniya kimi ciddi problemlər mövcuddur. Sumqayıtın polis rəisi Əkbər Ismayılov vəzifəyə yeni təyin ediləndə narkomaniyaya qarşı ciddi mübarizəyə başlamışdı. Lakin Eldar Əzizovun şəhərə icra başçısı təyin olunmasından sonra polislər sahibkarlar və siyasi fəallarla “mübarizəyə” cəlb edildilər. Bu da onu göstərir ki, Eldar Əzizovu düşündürən Sumqayıtın problemləri deyil, özünün və təmsil etdiyi hökumətin maraqlarıdır.

Hikmət