Əmlak Komitəsi yaşayış binalarının zirzəmilərini sahiblərindən alacaq
Azərbaycanda yaşayış binalarının 1-ci mərtəbəsində dövlətə məxsus qeyri-yaşayış sahələri, zirzəmi və yarımzirzəmilərdən istifadə vəziyyəti araşdırılacaq. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) dövlət əmlakından səmərəli istifadə ilə bağlı açıqladığı məlumatda bildirilir.
Məlumatda qeyd edilir ki, dövlət əmlakından istifadə vəziyyətinin səmərəliliyini araşdırmaq məqsədilə yaradılan xüsusi komissiya əhalinin istifadəsində olan dövlət əmlaklarından, məsələn, yaşayış binalarının 1-ci mərtəbəsindəki dövlətə məxsus qeyri-yaşayış sahələri, zirzəmi və yarımzirzəmilərdən istifadə vəziyyətini də araşdıracaq. Belə ki, qanunvericiliyə əsasən, çoxmərtəbəli yaşayış binalarının (SSRI dövründə inşa edilən) birinci mərtəbələri, zirzəmiləri və yarımzirzəmiləri əksər hallarda dövlət əmlakı kimi nəzərdə tutulub. Bəzi hallarda belə sahələr xidmət müqaviləsi adı ilə icarəyə və istifadəyə verilib.
“Bundan başqa, yaşayış binalarındakı zirzəmilərin bir hissəsi qeyri-qanuni olaraq uzun müddətdir ki, burada yaşayan sakinlər tərəfindən istifadə olunur”, – deyə məlumatda bildirilir.
Araşdırmalar zamanı belə halların aşkar edilməsi və qarşısının alınması, yəni zirzəmilərdən istifadənin qanuni müstəviyə gətirilməsi nəzərdə tutulur. Yəni, zirzəmilərdən istifadə qanuni icarə əsasında mümkün olacaq. Bundan başqa, belə hallar aşkar olunsa həmin sahələr dövlətsizləşdiriləcək ki, bu da özəlləşdirmənin sürətləndirilməsinə səbəb olacaq. “Belə obyektlərin özəlləşdirilməsi zamanı isə üstün hüquq həmin əmlakın icarəçilərinə və istifadəçilərinə veriləcək”, – deyə Komitənin məlumatında bildirilir (APA).