Adını qoyduq SIYASƏT

Bəlkə biz siyasətin nə olduğunu yenidən öyrənməliyik? Amma mən hələlik çox-çox təəssüf edə bilərəm. Yalnız təəssüf edirəm. “Namizəd, vahid namizəd məsələsini ortaya atmayın, tezdir, bizə ziyan vurur” deyən Müsavat başqanı Isa Qəmbər birdən durub hökmən namizəd olacağını ortaya atır. Arxasınca da ətrafındakılar bəyan edirlər: “Isa bəy bir dəfə prezident seçkilərini udub, ona görə də yalnız o vahid namizəd ola bilər…”.
Siyasət budur? Seçkini udmaq əsas arqument kimi götürülürsə, bu məntiqlə siz seçilib hətta prezident ola bilmiş adamın vahid namizədliyini də qəbul etməli idiniz nə vaxtsa. Etmədiniz amma…
Axı məsələ bunda da deyil. Məsələ məntiqdə, məntiqsizlikdə də deyil. Axı kim deyir ki, Isa Qəmbər layiq deyil?! Bəs milli mənafelər naminə razılaşmaqdan, qüvvələri birləşdirməkdən, fədakarlıqdan, yalnız gələcəyə baxmaqdan gedirdi söhbət? Bəs deyirdiniz bu məsələni ortaya atmaq yersizdir? Bəyan edirdiniz ki, hakimiyyətə əsas alternativ qüvvə Ictimai Palatadır, onun da qərarı vardı? Özünüz deyirdiniz bunları. Bu mövzuda bir ay bundan öncə yaranan müzakirələri də AXCP və Müsavat qapadı.
Halbuki biz deyirdik ki, siyasi partiya tərəfdarları arasında və ümumiyyətlə, narazı kəsimdə namizəd və ya vahid namizəd ehtiraslarının olması qorxulu deyil, onu normal səmtə yönəltsək, ziyan əvəzinə fayda verər.
Gəlin bir daha diqqət ayıraq. Namizəd ehtirası olan adamlar məhz narazılardır. Bu, yeni hakimiyyət görmək, indiki hakimiyyəti əvəzləmək ehtirasıdır. Lakin indiki şəraitdə bu ehtiras partiyalar arasında, tərəfdarlarda, ümumilikdə narazı kəsimdə qarşıdurma və yaxud xoşagəlməz münasibətlər yaradır. Normal demokratik ölkədə buna təbii hal kimi baxmalı idik, amma hansı durumda olduğumuzu, real ictimai-siyasi vəziyyəti, milli maraqları, hakimiyyətə nəyin xeyir edib-etməməsini nəzərə alıb, bu ehtirasları faydalı səmtə yönləndirmək olar. Bir halda ki, onu boğmaq, söndürmək də düz deyil, mümkün də olmaz…
Ən doğru yol vahid namizəd axtarışlarını genişləndirməkdir. Bunun iki yolu var. Birincisi, iki əsas iddiaçı razılığa gəlirlər və bütün güc vahid namizədin təbliğatına, müxtəlif kəsimləri və gücləri bu namizədin ətrafında birləşdirməyə sərf edilir. Digər qüvvələrə qarşıdakı dönəmin islahat dövrü olacağı elan edilir, onlarla islahatlar razılaşdırılır, onlara kabinetdə yer və nəhayət, həmin prezidentin özünün iştirak etməyəcəyi demokratik seçki vəd edilir. Bu ideya haqda mətbuatda çox yazılıb, o, fərqli qüvvələrin maraqlarını milli maraqlarla birləşdirmək və vahid cəbhə yaratmağa yönəlib. Bu arada ideya və platformaların, proqram və vədlərin təbliği özü cəmiyyəti oyadır, seçkiyə cəlb edir, uğurlu bir seçki kampaniyası keçirməyə imkan verir. Böyük birlik yaranır…
Başqa yol, hələ adsız namizədlə işə başlamaqdır. Həm ciddi kampaniya gedir – Ilham Əliyevi necə bir prezident əvəz etməlidir deyə, həm də bu alternativ müəyyənləşir, onun geniş platforması, komandası, görəcəyi işlər, aparacağı islahatlar və s. təbliğ edilir. Bu zaman hətta müxalifətdən kənar namizədin müəyyənləşməsi çıxış yolu ola bilər və ya da praymeriz yolu ilə namizədin seçilməsi. Sonuncu zatən eyni partiyanın, eyni cinahın namizədlərinin seçki zamanı səsləri parçalamaması üçün tətbiq edilir və onun kifayət qədər maraqlı cəhətləri var. Onu hətta beynəlxalq təşkilatların cəlb edilməsi ilə keçirmək olar. Həm cəmiyyət demokratik bir seçki görər və elə bu da hakimiyyətə qarşı istifadə edilər, həm də bu proses cəmiyyətdə dəyişiklik ehtiraslarını gücləndirər.
Yəqin fərqli üsullar da mümkündür. Amma bunların hamısı bir şeyə xidmət etməlidir:
1) Seçki və vahid namizəd istəkləri narazı qüvvələri parçalamasın;
2) Əksinə, seçki və vahid namizəd məsələsi müxtəlif qüvvələri birləşdirsin;
3) Dəyişiklik ehtirasları güclənsin və cəmiyyətdə buna inam artsın.
Bəs bunun əksi nədir? 2013-ü asanlıqla Ilham Əliyevə vermək deyil ki? Məncə, Isa bəy hər şeyin fərqində olan bir siyasətçidir və bunu dayandıra bilər…