“Rusiyanın agentlərini Prezident Administrasiyasında axtarmaq lazımdır”
“Bu Hafiz Hacıyevin açıqlaması olsaydı, mən ona cavab verməzdim. Çünki özümə hörmət edən adamam. Amma bu onun havadarlarının açıqlamasıdır”. Bu sözləri “Azadlıq”a tanınmış vəkil Aslan İsmayılov Hafiz Hacıyevin ittihamlarına cavab verərkən bildirib. Aslan İsmayılov daha sonra əlavə edib: “Onun havadarlarına deyirəm: Mənim bütün fəaliyyətim göz qabağındadır. Mətbuatdan və “Facebook” səhifəmdən fəaliyyətimi izləyə bilərlər. Məni nəinki Azərbaycanda, bütün Avropada qərbyönümlü insan kimi tanıyırlar. Hamı bilir ki, mən Azərbaycanın bütün bədbəxtçiliyini daim Rusiyada görmüşəm. Ona görə ki, Rusiyada uzun müddət yaşadığımdan, işlədiyimdən Rusiya hakimiyyətinin Azərbaycana mövqeyi mənə bəllidir. Bu barədə açıqlama vermək istəmirəm. Sadəcə Hafiz Hacıyevin havadarlarına demək istəyirəm ki, Rusiyanın agentlərini Prezident Administrasiyasında axtarmaq lazımdır. Orada olan məsul şəxslər tez-tez Rusiyaya gedib Kremlin baş bilənləri ilə pıçıldaşırlar. Digər tərəfdən, Rusiya dövləti məhz həmin adamlara ən yüksək orden-medallarını verir”.
Xatırladaq ki, Hafiz Hacıyev Aslan İsmayılovu Rusiyanın adamı olmaqda ittiham etmişdi. Aslan İsmayılova bu hücumun kökündə isə vəkilin Hafiz Hacıyevi və onun baş rol aldığı “zəhərlənmə şousu”nu ifşa etməsi dayanır.