Azərbaycanlıların Avropa Forumu: “Mülkiyyət hüququnun pozulmasını dövlətçiliyinin məhvinə yol açır”
Azərbaycanlıların Avropa Forumu (EFA) Koordinasiya Şurasının Bəyanatı Hurəddin və Loğman Zülfüqarlı qardaşlarına təzyiqlərlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Azərbaycanlıların Avropa Forumu 4-cü Praqa forumunda səslənən önəmli çıxışlardan biri də Azərbaycan Respublikasında kütləvi olaraq əmlak hüququnun kobud şəkildə pozulması, istər sadə vətəndaş, istərsə də yaranmaqda olan milli burcuaziyanın maraqlarının ciddi və əsaslı surətdə hüquqa zidd olaraq tapdanmasına həsr olunmuşdu. Müvafiq çıxışında konkret nümunə olaraq Zülfüqarlı qardaşlarının Azərbaycan qanunvericiyində təsbit olunan mülkiyyət hüquqlarının pozulmasına toxunan vəkil Aslan İsmayılov bu qanunsuz hərəkətlərin ölkə çapında geniş vüsət almasını ifadə etmiş və ölkənin gələcəyi üçün təhlükəli miqyas aldığını bildirmişdir.
İstər Avroviziya ərəfəsində, istərsə də ondan sonrakı dövrdə vətəndaşların mülkiyyət hüquqlarının qanuna zidd şəkildə və kobud surətdə pozulması EFA-nı da narahat etməyə bilməz. Mülkiyyət hüquqi istənilən ictimai quruluşun və hüquqi prinsiplərin özəyini təşkil edir və o, bir qayda olaraq toxunulmaz və ya da müqəddəs sayılır. Mülkiyyət hüququndan məhrum edilmə və ya da əmlakın müsadirə olunması yalnız qanunvericilikdə nəzərdə tutulan, ictimai və dövlət maraqlarına xidmət edən istisna hallarda mümkündür. Mülkiyyət hüququnun kobud və qanunsuz şəkildə pozulması ictimai quruluşun dağılmasına və beləliklə dövlətçiliyin məhv olmasına yol açır.
EFA olaraq Azərbaycan vətəndaşlarının mülkiyyət hüququnun kütləvi şəkildə qanunsuz pozulmasına qəti etiraz edir və bunun dərhal dayandırlmasını tələb edirik. Ölkənin gələcəyi milli burcuaziyanın inkişafı ilə sıx bağlıdır. Əmlak hüququnun toxunulmazlığı qorunmalı və təmin edilməlidir. Əks halda Azərbaycan dövlətçiliyinin gələcəyi üçün ölkənin düşmənləri təminat verməli olacaq”.