Fazil Say Azərbaycanda demokratiyanın qalib gəlməsinə necə töhvə verir?

Aranızda kimlərsə adını eşitməmiş ola bilər. Elə isə mütləq internetdə axtarış verin, haqqında bilgiləri tapın və oxuyun, bəstələrini və ifalarını dinləyin. Fazil Sayın musiqiçi kimliyi ilə mütləq və mütləq tanış olun.
Onu bu yazının qəhrəmanına çevirən isə yalnız hazırda dünyanın ən sayılan musiqiçilərindən biri olması deyil. Fazil Say həm də bu gün Türkiyənin aydınlıq üzlərindən biridir. Hüquq və azadlıqların ən cəsur müdafiəçilərindəndir.
Layiq Cümhuriyyətin yerinə dini dövlət modelini uyğulamaq istəyənlərin qarşısındakı ən böyük əngəllərdəndir.
Şöhrəti Türkiyə sərhədlərini çoxdan aşıb, adı beş qitədə dünyanın yaşayan ən yaxşı pianoçusu kimi anılır. 42 yaşı olmasına rəğmən aldığı beynəlxalq ödüllər saya-hesaba gəlmir.
Amma nə yüksək sənətkarlığı, nə də qazandığı şöhrət onu öz xalqının dərd-sərlərindən ayırmayıb. Bu gün Türkiyədə hüquq və azadlıqların durumundan ən çox narahat olanlardan biridir o.
Hər fürsətdə Türkiyənin indisi və gələcəyi ilə bağlı qayğılarını, əndişələrini dilə gətirir. Özünü ictimai-siyasi proseslərin fövqündə görmür. Azərbaycanda çox geniş yayılmış “mən əsərlərimdə mübarizə aparıram” tezisinin arxasında gizlənən sənətkar ordusunun qorxaqlığı, ictimai laqeydliyi, cəsarətsizliyi ona yaddır.
O bir sənət adamının ətrafında yaşanan əxlaqsızlıqlara, haqsızlıqlara susmasına anlam verə bilmədiyini tez-tez dilə gətirir. Özü də Ezop dili ona yaddır, nə söylərsə, açıq söylər, birbaşa söylər.
Hər söylədiyi də çağdaşlıq, azadlıq düşmənlərini cin atına mindirər, ən amansız hücumların hədəfinə çevirər onu. Amma əsla susmaz. Əsla geri çəkilməz. Türkiyənin ağrılarını söyləməyə davam edər.
Zaman-zaman Türkiyədən qovulmasını istəyən nadanlar, cahillər də az olmadı. Əslində onun belə bir narahatçılığı da yoxdur: dünyanın harasına getsə, əl üstündə tutular.
Ancaq Fazil Say öz ölkəsini üzləşdiyi pisliklərlə, yamanlıqlarla qarşı-qarşıya qoyub, baş-başa buraxıb heç yerə getmək fikrində deyil. Türkiyənin modern, demokratik, mədəni bir dünya ölkəsi olması uğrunda əlindən gələni etməkdə israrlıdır.
Fazil Say bir sənətçinin vətəndaş mövqeyinə sahib olmasının onu nə qədər yüksəltdiyinin canlı örnəklərindəndir. Əlbəttə, belə bir mövqeyə sahib olmadan da Fazil Say şöhrət qazanacaqdı, şedevrlər yaradacaqdı. Amma şəxsiyyəti ilə yaradıcı kimliyini birləşdirməklə Fazil Say ikiqat sayğıya, ikiqat ehtirama layiqdir.
Bəli, nə qədər böyük istedada sahib olursan ol, sinənin altında xalqının dərdləri, ağrıları ilə döyünən bir ürək yoxdursa, şəxsiyyətinlə yaradıcılığın arasında bərabərlik işarəsi yoxdursa, həmişə yarımçıq olacaqsan, bulaq kimi çəağlasan da heç vaxt axıb böyük dənizlərə tökülə bilməyəcəksən.
***
Yazının sərlöhvəsinə gəlincə…
Məncə, Fazil Say kimi insanlar yalnız öz xalqlarının, öz ölkələrinin xoşbəxtliyinə töhvə vermirlər. Onların mübarizəsi, mücadiləsi bütünlükdə dünyanın özgürlük, ədalət, hüquq istəyən xalqlarının arzularını gerçəkləşdirməyə yönəlib. Necə ki, bu gün Azərbaycanda azadlıq hayqıran bir insan da dünyanın başqa əzilən, tapdanan xalqlarının səsidir. Onların özlərindən də xəbərsiz onların gücünə güc qatmaqla məşğuldur.
Elə buna görədir ki, indi bizdən yaxın-uzaq xaricdə hansısa despot yıxılanda biz burda toy-bayram edirik. Sanki öz tiranımız yıxılıbmış kimi sevinirik.
Artıq demokratiya bəşərin ən böyük, ən vazkeçilməz dəyəri olmaqla bərabər, həm də ümumi işidir. Harda azadlıqlar qalib gəlirsə, bu, başqalarının da sevincinə, bayramına çevrilir. Çünki o başqaları həmin qələbədə özünün də bir payı, bir qatqısı olduğunu düşünür və bu düşüncəsində haqlıdır.
Çünki bir ölkədə azadlıq istəyən bir səs belə, bütün dünyada bu istəyin daha gur səslənməsinə kömək edir, başqalarının da azadlıq ehtirasını alovlandırır.
Bu mənada mən Fazil Sayın – azadlığın bu çılğın aşiqinin də hər kəsə örnək duruşunu həm də Azərbaycanın demokratiya mücadiləsinə bir dəstək kimi görürəm. Azadlıq istəyən başqa xalqların da mübarizəsinə töhvə sayıram.
Dünyada tiranlar qaldıqca Fazil Saylara bəşəriyyətin ehtiyacı həmişəkindən daha çox olacaqdır. O cümlədən də bizim.
Həm də bizimlə olduğun üçün təşəkkürlər, Fazil Say!