Təhsil haqqı hansı ölkədə nə qədərdir?

Bu sahədə ən ağır durum Azərbaycandadır

Türkiyə ödənişsiz təhsil sisteminə keçid barədə qərar qəbul edib. Baş nazir Rəcəb Tayyib Ərdoğanın imzalaycağı qərarla ali təhsil almaq istəyənlərdən ödəniş alınmayacaq. Bu ölkədə yalnız ikinci ali təhsil almaq istəyənlər buna görə pul ödəməli olacaq.
Azərbaycanda da yeni təhsil ili yaxınlaşdıqca təhsil haqqı problemi gündəmə gəlir. Hətta bir çox şəxslər ödənişli ali məktəblərə qəbul olunsa da, tələb olunan məbləği ödəyə bilmədiyindən ali təhsildən imtina etməli olur. Yüksək təhsil haqqının daha hansı problemlər yaratdığını görmək üçün təkcə bir misalı göstərmək kifayətdir. Bu günlərdə ödənişli əsaslarla ali məktəbə qəbul olunan oğulun üzləşdiyi danlağa dözməyərək atasını qətlə yetirməsi barədə məlumat yayıldı. Bura təhsil haqqını ödəyə bilməyən çarəsiz valideynlərin borca əl atması, övladını oxutmaq üçün pul tapmaq məqsədi ilə min bir əzaba qatlanmasını da əlavə etsək, yüksək təhsil haqqının nə qədər ciddi problemlər yaratdığını görmək olar.
Xatırladaq ki, hazırda Azərbaycanın ali təhsil müəssisələrində ən aşağı təhsil haqqı 900, ən yuxarı təhsil haqqı isə 4500 manatdır. Dövlət ali təhsil müəssisələrində ödəniş haqqı kəskin artırılıb. Məsələn, I qrupda qiymətlər 1000-1200 manatdan, II qrup ixtisaslarında 1000-2500 manatdan başlayaraq 4000 manatadək yüksəlir. III qrup da ən bahalı fakültələr hüquq və tərcümədir. Bu fakültələrdə illik təhsil haqqı 2400-2500 manatdır. IV qrup ixtisas qrupundakı ödənişli fakültələrdə illik təhsil haqqı 1000 manatdan 2500 manata qədərdir.
Orta aylıq əmək haqqı təxminən 350 manat olan bir ölkə üçün təhsil haqlarının bu qədər yüksək olması yolverilməz olsa da, hakimiyyətdə təmsil olunanlar fərqli düşünür. Görünür, YAP hakimiyyəti sadə vətəndaşların digər hüquqları kimi təhsil hüququnu da əlindən alır. Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycanda tələbələr üçün heç bir imtiyaz nəzərdə tutulmur. Tələbələr yataqxana ilə təmin edilmir, onların aldığı ən yüksək təqaüd isə 80 manat təşkil edir. Neftlə zəngin Azərbaycanın tələbələrinin dövlətdən gördükləri yalnız budur. Bu sahədə başqa ölkələrdəki vəziyyətə nəzər salanda hakimiyyətin inkişaf yalanı bir daha ortaya çıxır. Məlum olur ki, həyat səviyyəsi Azərbaycandan qat-qat yaxşı olan ölkələrdə təhsil haqqı Azərbaycandan xeyli aşağıdır, bir çox hallarda isə, ümumiyyətlə, yoxdu. Bundan əlavə, tələbələr üçün nəzərdə tutulan imtiyaz və təqaüdlər də Azərbaycandan müqayisəolunmaz dərəcədə fərqlidir. Bunu bilmək üçün bir neçə ölkənin nümunəsinə nəzər salmaq kifayətdir.

Neft ölkələrində xaricdə təhsil xərcini də dövlət ödəyir

Azərbaycan kimi əsas gəlir mənbəyi neft olan ölkələrin hamısında təhsil pulsuzdur. Üstəlik, ali məktəblərdə təhsil alanların hamısı kifayət qədər yüksək təqaüd alır və yataqxana ilə təmin edilir. Məsələn, Liviyada tələbə təqaüdü 700 dollardır.
Ölkədə pulsuz təhsilin olması ilə yanaşı xarici ölkədə təhsil almaq istəyənlərin təhsil xərcini də dövlət ödəyir.  
Səudiyyə Ərəbistanında ali təhsilin pulsuz olması ilə yanaşı tələbələrin pulsuz ədəbiyyat və tibbi xidmətdən də yararlanmaq hüququ var. Xarici ölkələrdə, xüsusilə dünyanın nüfuzlu ali məktəblərində təhsil olmaq istəyənlərə isə dövlət qrant ayırır. Bu ölkədə tələbə təqaüdü 700 dollar təşkil edir.
Birləşmiş Ərəb Əmirliklərində də ali məktəblər pulsuz təhsil verir. Hər bir ali məktəbin təqaüd proqramları mövcuddur. Təqaüdün miqdarı tələbənin təhsildəki müvəffəqiyyət dərəcəsindən asılıdır. Bundan əlavə, Əmirliyin hər bir vətəndaşı dövlətin hesabına dünyanın istənilən universitetində təhsil ala bilər. Təhsil aldığı ölkədə tibbi xidmətlərə görə xərclər də BƏƏ büdcəsindən ödənilir.ÿ
Küveytdə minə yaxın ali məktəb fəaliyyət göstərir və onların hər birində təhsil pulsuzdur. Bu ölkədə subay tələbələr 700 dollar təqaüd alsa da, ailəlilər üçün bu göstərici 1200 dollardı.
Iran da təhsilin bütün pillələri pulsuzdur.

Avropada dövlət universitetləri pulsuzdur

Bir çox Avropa ölkələrində də dövlət ali məktəblərində təhsil pulsuzdur. Özəl ali məktəblərdə təhsil alanlar üçün isə xüsusi imtiyazlar nəzərdə tutulur. Məsələn, Almaniyada ali məktəblərin əksəriyyəti pulsuz təhsil verir. Özəl ali məktəblərin təhsil haqqı isə 500-1000 avro arasındadır. Əlillik dərəcəsi olan tələbələr isə təhsil haqqından azaddır. Ailəsinin maddi durumu aşağı hesab edilən tələbələr də təhsil haqqı ödəmir. 14 yaşından kiçik övladı olanlar, çoxuşaqlı ailələrin uşaqları və xüsusi istedadı olanlar da özəl ali məktəblərdə təhsil haqqından azaddır. Hətta ailə üzvlərindən biri ağır xəstə olanlar da təhsil haqqından azaddır. Həmçinin tələbələrə kreditlə təhsil almaq imkanı da verilir. Belə ki, tələbə təhsil haqqını ali məktəbi bitirib işlə təmin ediləndən sonra ödəyə bilər.
Fransada təhsil sisteminə dövlətin çox böyük dəstəyi var. Görünür, məhz bu səbəbdən də təhsil haqqı kifayət qədər aşağıdır. Bu ölkədə əksər ali məktəblərdə bir illik ödəniş 135-700 avro arasında dəyişir. Hətta prestijli Sarbonna universitetində illik təhsil haqqı 800 avrodan yüksək olmur. Üstəlik, bu ölkədə xüsusi təqaüd proqramları mövcuddur və 350 avrodan aşağı təqaüd yoxdur.
Vətəndaşlarına pulsuz ali təhsil verən ölkələr arasında Norveç və Finlandiyanı da göstərmək olar. Bu ölkələrdə dövlətin aylıq hər bir tələbə üçün çəkdiyi xərc isə 500-900 avro həcmində qiymətləndirilir. Tələbələr yataqxana və pulsuz yeməklə də təmin edilir.
Hollandiyada ali təhsil pulsuz olmasa da, universitetlər çoxlu sayda qrantlar nəzərdə tutur. Hətta tələbənin aldığı təqaüdlə təhsil haqqını tamamilə ödəmək mümkündür.
Ali təhsili pulsuz olan ölkələr arasında Isveç, Danimarka və Çexiyanı da göstərmək olar. Qeyd etmək yerinə düşər ki, Avropa ölkələrində orta aylıq əmək haqqı 3 min avrodan az deyil.

ABŞ tələbələrinin təhsil xərcləri 80% azaldılır

ABŞ-da ali təhsil pulludur. Ancaq minimum əmək haqqı 4 min dollar olan bu ölkədəki təqaüd proqramları tələbələrin xərclərini 80%-ə qədər azaldır. Belə ki, təqaüd alan tələbə hətta təhsil haqqı ilə bağlı güzəşt də əldə edə bilir. Eyni zamanda ABŞ-da tələbələr komfortlu yataqxanalarla təmin edilir. Təhsil müddətində onlar dövlətin hesabına yüksək səviyyəli tibbi xidmətdən də istifadə edə bilər. Həmçinin hər bir tələbə kitabxana, idman zalları, kompüter laboratoriyalarından pulsuz istifadə etmək hüququ əldə edir. Onların sərəncamında istirahət mərkəzləri və avtomobil dayanacaqları da olur.

Fizzə