19-cu yüzilin ortalarında Tiflis Rusiyanın planlarına, çalışmalarına uyğun olaraq Qafqazın başlıca uyqarlıq ocağına çevrilmişdi. Azərbaycanın gerilikçi molla qaranlığından çıxıb gələn Mirzə Fətəli çox keçmədən Tiflisin yenilikçi, qabaqcıl dünyagörüşlü aparıcı fiqurlarından birinə çevrilmişdi. Tiflisdə dövlət qulluğuna girən Mirzə Fətəli gözəl bildiyi ərəb-fars dilinin üstündən daha bir dili – rus dilini – çox keçmədən öyrənmiş, bu dildə yazıb-oxumağı bacarmışdı. Rus dilini öyrənməklə Mirzə yalnız qabaqcıl Rusiya düşüncəsinə deyil, eləcə də qabaqcıl Avropa düşüncəsinə yiyələnmiş, belə bir düşüncə yiyəsi olaraq o, Türk-Müsəlman dünyasının ən böyük, ən qabaqcıl, ən yenilikçi yaradıcı personasına çevrilmişdi.
Burası da Mirzə Fətəlinin fenomenal görsənişlərindəndir: Mirzə Kazım Bəy kimi bir sıra Azərbaycan oxumuşları rus dilini, rus uyqarlığını mənimsəməklə ruslaşma yolu tuturkən, Mirzə Fətəli, çoxyönlü yaradıcılığından gördüyümüz kimi, Rus-Avropa uyqarlığını öyrənib-mənimsədikcə öz xalqına daha çox yaxınlaşır, daha çox bağlanır, daha çox TÜRKLƏŞIRDI. Rus-Avropa uyqarlığını mənimsəmə sonucu olaraq Doğu dünyasında dram janrının özülünü qoyan Mirzə Fətəli dalbadal yazdığı komediyalarında bir çoxlarının düşündüyü kimi, xalqını gülüş obyektinə çevirmək yolu tutmurdu. Çatışmazlıqlarına gülə-gülə, güldürə-güldürə xalqını irəliyə aparmaq, dirçəltmək, yüksəltmək, beləliklə, qabaqcıl dünyaya qovuşdurmaq istəyirdi.
Istəyirdi… Ancaq elə bu istəyi ilə içindən parlaq bir işiq kimi çıxdığı qatı qaranlıq dünyasında özünə minlərlə, milyonlarla düşmən qazanırdı. O öz xalqıyla çağına görə olduqca saya, aydın, anlaşıqlı dildə danışırdı. Ancaq gerilikçi ruhanilər, din-dövlət adamları başda olmaqla çoxları onu xalqa bütünlüklə başqa cür tanıtmağa çalışırdılar. Bütün bunlara görə o, Irana göndərdiyi “Təmsilat”ın bir neçə cildinin arxasında yazmışdı: “Mövcud nöqsanları açıb göstərməyim millətimin təəssübünü çəkməməyimə yozulmamalıdır. Bunlardan istək milləti oyatmaq, mənfiliklərdən çəkindirməkdir. Sədi Loğmanın dilindən bu mətləbə işarə edibdir: Loğmandan soruşdular ədəbi kimdən öyrəndin? Dedi: ədəbsizlərdən. Onların xoşuma gəlməyən əməllərindən çəkindim”. Çoxsaylı gerilikçi, qaragüruhçu zərbələrdən qorunmaq üçün Mirzə tez-tez belə açıqlamalarda, anlatmalarda bulunmalı olurdu. Ancaq bunlar onu bütünlüklə yersiz “kafir, dinin və dövlətin düşməni” kimi damğalardan qoruya bilmirdi: qabaqcıl dünyagörüşün öz missiyası olduğu kimi, gerilikçi dünyagörüşün də öz missiyası var – bina görə!
Türkləşmək: dilimizin düzgüsünə (düzgü – norma) uyğun əlifba reforması aparmaqla özünə dönmək, özünə dönməklə irəliyə getmək, qabaqcıl dünyaya qovuşmaq – bu yolda Mirzə Fətəli ölüncə çalışdı. Mirzə Fətəli özünün əlifba reforması ilə bağlı, o çağlar iki Türk dövləti olaraq tanınan Iranla Türkiyə arasında get-gəldə oldu, yazışmalarda bulundu. Istər Iranın, istərsə də Türkiyənin nadan, gerilikçi dövlət böyükləri onu anlamadılar, anlamaq istəmədilər. Bütün bunlarla bağlı Mirzə “Yeni əlifba haqqında mənzumə”sində yazırdı: “Bu daimi olmayan dünyada mənim ömrüm, Həsrət və qüssə ilə başa çatdı. Vətən sevgisi üzündən, Çox tədbirlərə əl atdım. Ancaq səyim bir nəticə vermədi. Bu əsrdə bir könül sahibi görmədim. Türklərin və Iran torpağının böyükləri Hamısı Çin xalqı kimi yatmışdılar. Cavanlığım getdi, qüvvəm puç oldu…”.
Aradan iki yüz il keçib. Yalnız indi Türk dövlətləri Mirzə Fətəlinin dilədiyi, uyğulamağa çalışdığı latın əlifbasına keçiblər. Mirzə Fətəli bütün yazılarında özümüzü Türk, dilimizi Türk Dili adlandırır. Biz hələ o düşüncəyə gəlib çıxmamışıq. Yuxarıda sözü gedən “mənzumə”sinin sonunda Mirzə deyir: “Bu işi, bu zəhməti və əziyyəti başa çatdırmağı Gələcək nəslə tapşırdım”. Görəsən, bizlərəmi? Yoxsa…

Yenilikçi, fenomenal Mirzə Fətəli
•