Unun qiyməti niyə bahalaşıb?

«Daxili istehsalla bağlı rəqəmlər ifrat dərəcədə şişirdilir»

«Ölkənin ərzaq buğdasına olan təlabatı tamamilə idxalın hesabına ödənilir»

“Necə olur ki, buğda biçini may ayından başladığı halda unun qiyməti məhz mövsümdə bahalaşır. Nəzərə alınmalıdır ki, daxildə istehsal olunan buğda artıq üyüdülərək un halında  bazara çıxarılmalı, bu isə öz növbəsində unun qiymətinin enməsinə səbəb olmalı idi”. Bunu, Ictimai Palatanın üzvü, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov son zamanlar unun qiymətinin qalxmasına münasibət bildirərkən deyib:
“Daxildə istehsal olunan məhsulun satışı daxili bazar üçün nəzərdə tutulub. Bu bazarda unun qiymətinin düşməsi üçün daha ciddi səbəb olmalı idi. Bu, idxal olunan unun və buğdanın kifayət qədər çox və yerli məhsula nisbətən keyfiyyətli olması amilidir. Hökumət numayəndələrinin verdikləri məlumata əsasən, mövsümdə təklif çoxalmalı idi. Bu həm də ona görə baş verməli idi ki, əksər fermerlərin istehsal etdiyi taxılı saxlamaq üçün elementar şəraiti yoxdur. Digər bir səbəb kimi fermerlərin maliyyə vəsaitinə olan ehtiyaclarıdır. Əksəriyyəti bank və digər kredit təşkilatlarına borclu olduqları üçün məhsulun tezliklə satılmasında və əldə olunan vəsaitlərlə kredit borclarını qaytarmaqda maraqlıdırlar”.
V.Məhərrəmov xatırladır ki, hakimiyyət nümayəndələrinin Azərbaycanda taxıl istehsalı ilə bağlı səsləndirdiyi  rəqəmlər artan xətt üzrə gedir. Məsələn, Dövlət Statistika Komitəsinin (DSK) verdiyi məlumata görə, 2011-ci ildə ölkədə 2 milyon 458.5 min ton taxıl məhsulu istehsal olunub. Elə həmin mənbənin verdiyi məlumata əsasən, istehsal olunmuş taxıl məhsulunun 66.7 faizini və ya 1 milyon 641 min tonunu buğda təşkil edib: “Əgər həqiqətən də daxili istehsal bu qədər olubsa, Azərbaycanın idxal buğdasına nəinki ehtiyacı olmazdı, əksinə bizim ölkə qonşu ölkələrə buğda ixrac etməli idi. Respublikanın ərzaq buğdasına olan təlabatı 1 milyon 200 min tondur. Nəzərə almaq lazımdır ki, istehsal olunan buğdanın bir hissəsi – yəni 160 min tonu toxumluq kimi istifadə olunur. Belə olan halda itkiləri də nəzərə alsaq, Azərbaycanın buğdaya olan ehtiyacı cəmi 1 milyon 400 min tondur. DSK-nın verdiyi məlumata əsaslanaraq belə nəticəyə gəlmək olar ki, keçən il ölkə özünün buğdaya olan təlabatını istehsalın hesabına artıqlaması ilə ödəyib. DSK-nın digər bir məlumatında isə göstərilib ki, 2011-ci il ərzində ölkəyə  1 milyon 167 min ton ərzaq buğdası, 181 min ton buğda unu gətirilib. Onda sual olunur bu qədər yəni 1,6 milyon ton buğda hanı? Ola bilsin ki, istehsal olunan taxıl məhsulları ilə yanaşı, əldə olunmuş buğdanın hamısından mal-qaranın yemlənməsində istifadə olunub. Lakin DSK və gömrük komitəsinin məlumatlarına əsasən, 2011-ci ildə əvvəlki ilə nisbətən idxal olunan süd 150 min, ət 4.5 milyon ABŞ dolları dəyərində artıb. Əsasən kəsim üçün nəzərdə tutulmuş diri heyvanların idxalı isə 350 faiz artaraq 13.7 milyon ABŞ dolları təşkil etmişdir. Deməli, bu versiya da özünü doğrultmur. Müqayisə üçün onu qeyd etmək lazımdır ki, 1995-ci ildə buğda istehsalı 615 min ton – indikindən 3 dəfə az olduğu halda, idxal buğdası da indikindən 3.5 dəfə az, yəni  420 min ton, hətta 1997-ci ildə buğda idxalı cəmi 167 min ton – indikindən 9 dəfə az olmuşdu. DSK nın məlumatlarını əsas götürsək, son 15 ildə əhalinin sayı cəmi 10 faiz artdığı halda, taxıl idxalı 900 faiz, istehsal isə 300 faiz artıb”.
Ekspert hesab edir ki, bütün bu məlumatlar istehsalla bağlı rəqəmlərin ifrat dərəcədə şişirdiyildiyini deməyə əsas verir: “Ölkənin ərzaq buğdasına olan təlabatı tamamilə idxalın hesabına ödənilir. Bununla yanaşı, taxıl məhsulu istehsalı ilə bağlı ortaya qoyulan rəqəmlər də reallığı əks etdirmir. Elə bu səbəbdən də ət, süd və digər heyvandarlıq məhsullarının idxalı da ilbəil artır. Nəzərə almaq lazımdır ki, taxılçılığın inkişaf etdirilməsi ərzaq təminatında ən önəmli rol oynayır. Məhz taxılçılığın inkişafı sayəsində əsas ərzaq mallarına, kənd təsərrüfatı məhsullarına olan təlabatı ödəmək mümkün olur”.