“Dəyişiklik etməyən Azərbaycan iqtidarını dəyişəcəklər”

p.huseyn“Azərbaycan çox ciddi siyasi dəyişikliklərin içərisindədir”

“İqtidar hazırda düşdüyü siyasi gərginlik, böhran içindən çıxmaq üçün belə cəhdlər edir”

Pənah Hüseyn: “Bu iddia nəticəsində Əli Kərimlinin siyasi reytinqi və nüfuzu daha da yüksəldi”

Eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi iddiasıyla açılan cinayət işi hələ də mətbuatın diqqətindədir. Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyndən müsahibəmizə də elə bu mövzu ilə bağlı başladıq.

– Pənah bəy, bu iddianın indi ortaya atılmasının səbəbi nədir?
– Bu barədə yayılan əsas rəy ondan ibarətdir ki, iqtidarın bu addımı həm 2013-cü il seçkiləri, həm də son zamanlar mətbuatda iqtidar əleyhinə gedən ciddi, ifşaedici mövzularla bağlıdır. Bu mövzular korrupsiya layihələri, 48 milyard dolların offşor zonalara çıxarılması, beynəlxalq təşkilatların və ayrı-ayrı xarici dövlət nümayəndələrinin Azərbaycan rəhbərliyi barədə tənqidləri ilə bağlıdır. Görünür, ona görə də iqtidar bu məqsədlə gündəmin dəyişdirilməsinə ehtiyac duyub. Bu baxımdan belə bir iddianın ortaya atılması inandırıcı görünür. Eyni zamanda onu da vurğulamaq lazımdır ki, bu mövzu konkret şəxs tərəfindən gündəmə gətirildikdən sonra bundan istifadə etmək cəhdləri yaranıb. Diqqətlə düşündükdə görmək olar ki, hakimiyyətin bundan Əli Kərimliyə qarşı istifadə etmək üçün seçdiyi vaxt uğurlu alınmadı. Bu addımın nəticəsi nə oldu? Əksinə məhz bu iddia nəticəsində Əli Kərimlinin siyasi reytinqi və nüfuzu daha da yüksəldi. Ona görə bu mövzuların gündəmə gətirilməsini iqtidarın siyasi gərginlik, böhran içində olması və bu vəziyyətdən çıxmaq cəhdləri ilə əlaqələndirərdim. Digər tərəfdən bu Azərbaycan müxalifətinin ciddi siyasi alternativ olduğunun göstəricisidir. Halbuki iqtidar az əvvəl Azərbaycanın müxalifət qüvvələrinə etinasızlıq nümayiş etdirirdi.

Elçibəyin ömrünü bu hakimiyyət qısaltdı

– Bir sıra ictimai-siyasi xadimlər, o cümlədən Müsavat başqanı Isa Qəmbər Fəxri Xiyabanda Elçibəyin məzarı üzərində bildirdi ki, əslində Elçibəyin dünyasının dəyişməsinə bu rejim onu vaxtında müalicəyə buraxmamaqla səbəb olub?
– Burada həqiqətin olmadığını inkar etmək mümkün deyil. Real vəziyyət və fakt bundan ibarətdir. Yeri gəlmişkən, Elçibəyin müalicə olunduğu xəstəxananın baş həkiminin Azərbaycan iqtidarının Elçibəyin xəstəliyinə münasibətdə dedikləri də çox düşündürücüdür. Bizim konkret şəxsləri ittiham etmək üçün əlimizdə sübut yoxdur. Amma bu hadisələrin təhlili və dəyərləndirilməsi Isa Qəmbərin söylədiyi mülahizənin doğruluğunu göstərir.

– Bəzi hakimiyyət təmsilçiləri prokurorluğun Hafiz Hacıyevin iddiasını ciddiyə almasını onun partiya lideri olması ilə əsaslandırmaya çalışırlar. Amma o da məlumdur ki, IP dəfələrlə ölkədə baş verən qanunsuzluqlar, korrupsiya ilə bağlı KIV-də müzakirələr açsa da, buna reaksiya olmayıb. Hakimiyyətin əlindən bu arqumenti də almaq üçün ölkədə baş verən qanunsuzluqlar, korrupsiya ilə bağlı prokurorluğa təşkilat formasında və ya fərdi müraciətləriniz ola bilərmi?
– Indiyə qədər bu istiqamətdə müxtəlif partiya sədrləri tərəfindən müraciət olunub. Amma bunun müzakirəsi mənasızdır. Hamıya aydındır ki, bu addım siyasi məqsədlər daşıyır. Ortalıqda konkret faktlar olsaydı, bu işin dərhal icraata yönəldilməsini anlamaq olardı. Amma prokurorluğun bu müraciət ətrafında davam edə biləcək proses təəssüratı yaratmaq istəməsi, aydın şəkildə göstərir ki, bu addım müxalifətə qarşı təxribatdır. Bu məsələ özlüyündə o qədər aydındır ki, onun sübuta ehtiyacı yoxdur. Bu sual çox ritorikdir. Hamıya bu sualın cavabları aydındır. Çünki bu ölkə hüquq dövləti deyil və burada hüquq hakim deyil. Ona görə müraciətlərə fərqli münasibət də bundan irəli gəlir.

İP-nin gündəmində vahid namizəd məsələsi yoxdur

– İsa Qəmbər “Azadlıq” radiosuna açıqlamasında prezidentliyə namizədliyini irəli sürəcəyini bildirib. Ictimai Palatada isə bu məsələnin hələ müzakirəyə çıxarılmasının məqsədə uyğun olmadığı barədə qərar qəbul etmişdi?
– Bununla bağlı Ictimai Palatada müzakirələr belə olub ki, siyasi partiyalar, ayrı-ayrı vətəndaşlar, şəxslər bu seçkilərdə namizədliyini irəli sürə bilər. Ictimai Palatanın namizədinin müəyyən edilməsinin özü də namizədlərin irəli sürülməsindən keçir. Sözün düzü bu məsələnin vahid namizədin müəyyənləşdirilməsi ilə bağlanmasını doğru saymıram. Çünki istər AXCP, istər Müsavat liderlərinin, istərsə də də ayrı-ayrı şəxslərin namizədliklərini irəli sürməsi olduqca təbii məsələdir. Nə qədər ki, bu barədə konkret qərar yoxdur, “biz namizədliyimizi irəli sürəcəyik” deyilməlidir, “sürməyəcəyik” deyilməməlidir. Ona görə də burada hansısa başqa məna axtarmaq doğru deyil. Bundan əvvəl digər partiya sədrlərinin, o cümlədən Əli Kərimlinin çıxışlarında oxşar fikirlər səslənib. Bunlar təbii məsələlərdir. Ictimai Palatanın seçkilərdə iştirak konsepsiyası da hələ rəsmiləşməyib. Amma bu cür açıqlamaların məqsədəuyğun olmadığını hesab edən bir qərar da yoxdur. Bizim mövqeyimiz ondan ibarət olub ki, hazırda Ictimai Palatanın gündəmində təşkilatın vahid namizədliyi məsələsi yoxdur. Amma eyni zamanda Ictimai Palata geniş demokratik çevrənin bu seçkilərdə iştirakını məqsədəuyğun sayır. Ictimai Palatanın rəsmi mövqeyi bundan ibarətdir. Ümumiyyətlə Ictimai Palata gələcəklə bağlı təhlillər edilərkən, hədəflər müəyyən olunarkən vahid namizəd məsələsini kənara qoyur. Birdə ki, müxalifətin vahid namizəd məsələsi son 10-15 ildə xeyli yıpranıb. Yeri gəlmişkən, onu da deyim ki, Ictimai Palatanın seçki konsepsiyasının müzakirəsi davam edir. Burada 2013-ci il seçkilərində iştirak ilə bağlı məqamlar əksini tapacaq. Ona görə bu konsepsiya elan olunandan sonra tərəfdarlarımızda vahid namizədlə bağlı məsələdə narahatçılıq qalmayacaq.

İctimai Palata gündəmi dəyişəcək müzakirələrlə gəlir

– Seçkiyə bir il qalmış hakimiyyət daxilindədə təlaş özünü açıq formada göstərir. Sizcə, bu narahatçılıq daxili və xarici amillərin hakimiyyətə təsirindəndir, yoxsa iqtidariçindəki qütbləşmə rəngləri tündləşdirib?
– Əslində hazırda mətbuatın əsas diqqət göstərdiyi mövzular – “Elçibəyin zəhərlənməsi” və ya “Isa Qəmbərin 15-16 oktyabrda ”Azadlıq” meydanına gedib-getməməsi məsələləri müvəqqəti müzakirə predmetidir. Biz daha mühüm məsələlərin müzakirəsi ərəfəsindəyik. Ictimai Palatanın Koordinasiya Şurasının iclasında da bu yöndə müzakirələr aparılır. Hazırda müzakirə olunan mövzu demokratik düşərgənin əsas qüvvəsi olaraq Ictimai Palatanın hakimiyyətə münasibəti məsələsidir. Ola bilsin ki, iqtidar darələri də bunu bilirlər. Ictimai Palata əsas şüar olaraq hakimiyyətin “istefası” və “Ilham Əliyevin növbəti seçkiyə buraxılmaması” mövzuları ətrafında ciddi diskusiyalar aparır. Məncə, bunlardan hansının irəli sürüləcəyi daha mühümdür. Ən yaxın dövrdə Azərbaycanda ictimai fikrin bu ətrafda cərəyan edəcəyini gözləmək olar. Ictimai Palata eyni zamanda demokratik müşavirəyə hazırlaşır. Bu müşavirədə demokratik çevrənin, siyasi partiyaların, vətəndaş cəmiyyəti nümayəndələrinin, rəy yaradıcılarının iştirakı gözlənir. Iqtidarın daxilindəki proseslərə gəlincə, hakimiyyətin qarşısında islahatlara gedilməsi ciddi şəkildə qoyulub. Bu həm cəmiyyətin, həm də beynəlxalq təşkilatların tələbidir. Amma bütün bunların fonunda hazırda iqtidarın seçkidə hansı namizədi irəli sürəcəyi ilə yanaşı, müxalifətlə hansı münasibətlərin olacağına da diqqət yönəltmək lazımdır. Ona görə hazırda müxalifətlə münasibətlərin yaradılması da ciddi müzakirə mövzusudur. Bütün bu sadalananların hansı istiqamətdə inkişafı şübhəsiz regionda cərəyan edən proseslərlə də bağlıdır. Iqtidar özünün geosiysi seçimini qəti şəkildə müəyyən etdikdən sonra ya islahatlara gedəcək, ya da getməyəcəkdir. Suriyada və başqa ölkələrdə baş verən hadisələrin dinamikası göstərir ki, Azərbaycan iqtidarının dəyişikliklərə getməsi ehtimalını sıradan çıxarmaq hələ tezdir. Iqtidar komandası daxilindəki çaxnaşmalar da sırf bu məsələ ilə bağlıdır. Hesab edirəm ki, müxalifətin mövqeyinin müəyyənləşməsi də bu proseslərə təsir edəcəkdir. O baxımdan Azərbaycan çox ciddi siyasi dəyişikliklərin içərisindədir. Bu dəyişikliklərin bu və ya digər hərəkətlərdə özünü göstərəcəyi də gözləniləndir.

Hakimiyyət dilemma qarşısında

– Iqtidar namizədinin kim olacağı ilə bağlı konkret mövqe sərgiləmir. Ilham Əliyev hələ namizədliyini irəli sürəcəyini qətiləşdirməyib. Ona görə hakimiyyətin namizədinin adı ilə bağlı müxtəlif fərziyələr səslənməkdədir?
– Iqtidarın siyasi seçimindən çox şey asılı olacaq. Əgər proseslər Qərbyönümlü seçim istiqamətində gedəcəksə, bu dəyişikliyə apara bilər. Belə olan halda Gürcüstandakı tipli Konstitusiya qəbul oluna bilər. Bu Konstitusiyada prezident səlahiyyətləri hökumət başçısının xeyrinə azaldılır. Ona görə bu ilin sonu, gələn ilin əvvəlində referendum keçirilməsi daha real görünür. Yox əgər hakimiyyət siyasi iqtidarı nəyin bahasına olursa-olsun saxlamaq xətini seçəcəksə, o zaman Ilham Əliyev yenə namizədliyini irəli sürəcək.

– Bir qayda olaraq Azərbaycanda daxili faktor hakimiyyətə təzyiq kimi qabardılır. Amma hazırda hakimiyyətin atdığı addımlarla bağlı beynəlxalq faktor da gündəmə gəlməkdədir. Azərbaycan hakimiyyəti isə islahatlar aparmaqla bağlı ona olan etimad limitini tükəndirib. Bunun fonunda qarşıdan gələn seçkiləri necə qiymətləndirmək olar?
– Hazırda Azərbaycanda cərəyan edən proseslər milli sərhədlər daxilində baş verənlərlə məhdudlaşmır. Regional xarakterli hadisələr baş verir. Burada hadisələrə qiymət Qərbin Azərbaycan hakimiyyətinə, müxalifətinə münasibəti ilə verilmir. Düşünürəm ki, dəyişiklik etməyən Azərbaycan iqtidarın dəyişəcəklər. Amma Azərbaycan istər daxildə, istərsə də regionda gedən proseslər nəticəsində xaos mərhələsinə daxil ola bilər. Biz Azərbaycan cəmiyyəti və toplumun aparıcı siyasi qüvvələri olaraq belə bir xaos vəziyyətinə hazır olmalıyıq. Bu yalnız Azərbaycanın öz daxili prosesləri ilə bağlı olan məsələ deyil.
Əgər iqtidar buna hazırlaşmırsa və bunun üçün zəruri siyasi islahatlar reallaşdırmırsa, o halda xalq və demokratik düşərgə sakit gözləyə bilməz.

Xəyal