Koordinasiya Şurasının iclasında bununla bağlı İşçi Qrup yaradılıb
İctimai Palatanının Koordinasiya Şurasının növbəti iclası keçirilib. İclas barədə qəzetimizə Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli məlumat verib. Onun sözlərinə görə, iclasda əvvəlcə İctimai Palatanın ötən həftə ordudakı vəziyyətlə bağlı təşkil etdiyi dinləmələrin nəticələri müzakirə olunub. Müzakirələr nəticəsində bu qənaətə gəlinib ki, mövcud Hərbi Doktrina ordunun qarşısındakı vəzifələrini müəyyənləşdirmir. Bu baxımdan Azərbaycana yeni Hərbi Doktrina lazımdır. Koordinasiya Şurası yeni Hərbi Doktrinanın hazırlanması ilə bağlı İşçi Qrupun yaradılması barədə qərar qəbul edib.
Əli Kərimli deyib ki, daha sonra Naxçıvan Muxtar Respublikasındakı sosial-iqtisadi və ictimai-siyasi vəziyyət müzakirə mövzusu olub. Xüsusilə Muxtar Respublikada ictimai-siyasi vəziyyətin həddindən artıq ağır olduğu vurğulanıb. Naxçıvanın anti-demokratik addımların həyata keçirilməsi üçün laboratoriya olduğu qeyd edilib. Son vaxtlar Naxçıvana müəmmalı köçə də diqqət çəkilib. Qərara alınıb ki, Muxtar Respublikaya daha çox diqqət ayrılsın.
İclasda İctimai Palatanın təşkilatlanması barədə müzakirələr aparılıb. Ötən həftə İctimai Palatanın 5 rayon şöbəsində keçirilən sessiyaların nəticələri qiymətləndirilib. Daha 4 rayonda qurumun şöbələrinin təsis edilməsi qərara alınıb. Həmçinin təşkilatlanma İctimai Palatanın əsas priroriteti elan olunub. İctimai Palatanını müzakirə etdiyi məsələlərlə bağlı hazırlanmış sənədlərin ictimaiyyətə təqdim olunması qərarlaşdırılıb.
Sonda İctimai Palatanın növbəti sessiyasının vaxtı müəyyən edilib. Sessiya sentybarın 8-ə təyin olunub.
Hikmət