Üsyançılar 2 aerodromu tutdu, 10 vertolyotu partlatdı
Suriyada üsyançılarla Əsəd rejimi arasında döyüşlər şiddətlənib. Müxaliflər hökumət qüvvələrinə ağır zərbə vurublar. “Azad Suriya Ordusu” Bəşər Əsədin ordusuna aid 10 vertolyotu məhv edib. Hələbdə yerləşən Tefenaz hərbi aerodromuna hücum edən müxaliflər 10 vertolyotu partlada biliblər. Əməliyyat zamanı bir neçə hərbçi də öldürülüb.
Tafenaz aerodromundan Əsədin hava donanması müxalif qüvvələrin mövqelərini bombalamaq üçün əsas platsdarm kimi istifadə edirdi. Müxaliflərin Tafenaz hərbi bazasını və oradakı sursatları ələ keçirdiyi bildirilir. “Azad Suriya Ordusu” əməliyyatı bir neçə gün öncə hökumət qüvvələrinin reallaşdırdığı Dəraa qətliamının intiqamı olduğunu açıqlayıb. Bölgədən yayılan digər xəbərlərdə müxaliflərin Əbu əl-Tuhur hərbi aerodromunu və Hləbdəki Nairib hərbi düşərgəsini mühasirəyə aldığı deyilir.
Bu arada İordaniyada səhranın kimsə yaşamayan hissəsində Əsəd rejiminə xidmətdən imtina edən yüksək səviyyəli rəsmilərin yaşadığı, xüsusi təhlükəsizliklə qorunan düşərgənin olduğu ortaya çıxıb. Düşərgədəki evlərdə müxaliflərin tərəfinə keçən və ölkə xaricinə qaçmaq məcburiyyətində qalan 1200 yüksək çinli hərbçi və polis yaşayır. Suriyadan qaçanlar tikanlı məfitllələr hasarlanan düşərgədə günlərini internetə girərək, televiziya izləyərək keçirirlər.
İstefası tələb olunan Bəşər Əsəd isə hakimiyyətyönümlü “Əd Dünya” kanalına müsahibəsində ölkəsində humanitar yardım məqsədli buffer zonanın yaradılmasının real olmadığını bildirib. Türkiyə hökumətinə yönəlik tənqidlərini təkrarlayan Əsəd bəzi türk rəsmilərini cahil adlandırıb.