Dağıstandan gəlmiş diversiya qrupu zərərsizləşdirildi: 14 ölü, 5 yaralı
Gürcüstan-Rusiya sərhədinin Dağıstan hissəsində silahlı qrupun zərərsizləşdirilməsi əməliyyatı aparılıb. Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları avqustun 29-da əməliyyat keçirərək bir gün əvvəl Dağıstandan gələn diversantların götürdüyü girovları azad edib.
Yerli hakimiyyət yaralıların olduğunu bildirib. Lakin onların sayı və vəziyyəti haqqında məlumat verməyib.
Gürcüstan DİN-in məlumatında isə əməliyyat zamanı xüsusi təyinatlılardan üçünün öldüyü, beşinin isə yaralandığı bildirilir. Məlumata görə, əməliyyat nəticəsində 11 diversant öldürülüb. Daha 6 diversant isə mühasirədə saxlanılır. 28 avqust tarixində Gürcüstanda Mariamoba bayramı qeyd edilib. Girovlar götürülənlər sərhədə yaxın kənddə bayram edən gənclər olub. Gənclərdən bir neçəsi hadisə yerindən qaça bilib və polisə xəbər verib.
Gürcüstan DİN ölkə ərazisində silahlı qrupun aşkar edildiyini təsdiqləyib və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün Kaxetiya ərazisinə silahlı qüvvələr göndərildiyini bildirib. Daxili işlər naziri və baş nazir də Kaxetiyaya yollanıblar. Baş verənlərin Rusiyanın təxribatı olduğu haqda şübhələr var. Belə mülahizələr səslənir ki, gürcü gənclərini girov götürənlər ölkə ərazisinə hadisəinin baş verdiyi gündən əvvəl daxil olublar.
Xatırladaq ki, Rusiyanın Gürcüstanla sərhəddə yenidən hərbi cəhətdən aktivləşdiyinin müşahidə olunduğu haqda artıq bir neçə gündür məlumat yayılıb. Yeri gəlmişkən, Gürcüstan DİN-in əməliyyatla bağlı məlumatında “Rusiya silahlı diversiya qrupu” ifadəsindən istifadə olunub.