4 əsgər Obamanı da öldürmək istəyirmiş
ABŞ-da prezident Barak Obamaya qarşı sui-qəsd və dövlət çevrilişinə cəhdin qarşısı alınıb. Obama vəzifəyə gəldiyi 2008-ci ildən bu yana ilk dəfə ciddi bir sui-qəsd planıyla üz-üzə qalıb. Türkiyə mətbuatının yazdığına görə, Amerika ordusunda xidmət edən 4 əsgər, Obamanı sui-qəsd nəticəsində öldürmək və hakimiyyəti devirmək üçün çevriliş planı hazırlayıbmış. Ancaq amerikalıları heyrətə gətirən çevriliş planı ötən ilin dekabrında keçmiş zabit Maykl Roar və xanımı Tifani Yorku öldürdükləri sübuta yetirilən 4 əsgərin həbs olunmasıyla aşkara çıxıb.
Corciya ştatı Lonq Kaunti dairəsinin prokurorları cinayətdə şübhəli bilinən əsgərlər Miyakl Barnet, İsak Aquiqi, Entoni Pede və Kristpfer Salmonun prezident Barak Obamanı öldürüb çevriliş etmək istədiklərini istintaqla müəyyən ediblər. Prokurorlar anarxist təşkilat qurmaqda günahlandırdıqları əsgərlərin Roar və xanımı Yorku da çevriliş planını ifşa etmələrindən qorxduqları üçün öldürdüklərini təsbit edib. Prokurorluq tərəfindən hazırlanan hesabata görə, çevriliş planı quran əsgərlər külli sayda silah-sursat da satın alıblarmış. Çevrilişi planlaşdıranlardan ikisinin silah və partlayıcılara 87 min dollar xərclədiyini aşkarlanıb.
Prokuror İzabel Pauli bildirib ki, 4 əsgərin fəaliyyətini sadə bir terrorçu təşkilat adlandırmaq olmaz. Etdikləri sadəcə danışmaqdan və planlaşdırmaqdan ibarət deyil:“Cinayətlərindən əvvəl hərəkətə keçiblər. Dəlillər qrupun planlarının reallaşdırılma imkanlarının yüksək olduğunu göstərir. Obamanı öldürməyi qarşılarına məqsəd qoyan əsgərlər Corciya ştatındakı “Fort Styuart” hərbi birliyini də ələ keçirməyi planlaşdırırmışlar”.