Azərbaycanda 100 milyon dollara 5.5 km, Çində isə 45.5 km yol çəkilir
Rusiyanın «RİA News» agentliyi 1 kilometr yolun dünyanın hansı ölkəsində neçəyə tikildiyini araşdırıb. Agentliyə görə Rusiyada 1 kilometr yeni yolun çəkilməsi 17.6 milyon dollara başa gəlir. Agentlik müqayisə üçün ABŞ-da eyni yolun 5.9 milyon dollara, Avropa Birliyi ölkələrində 6.9 milyon, Çində isə cəmi 2.2 milyon dollara başa gəldiyini bildirir. Beləliklə, «RİA News» qeyd edir ki, 1 kilometr yola ruslar ABŞ-dan 3 dəfə, Avropadan 2.5 dəfə, Çindən isə 8 dəfə çox pul xərcləyirlər.
Amma yola dövlət büdcəsindən daha «səxavətlə» pul xərcləyən heç də ruslar deyilmiş. Azərbaycanda İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Vüqar Bayramov «Exo» qəzetinə müsahibəsində deyib ki, 1 kilometr yol Azərbaycanda dövlət büdcəsinə ortalama 18 milyon dollara başa gəlir. Bəzi yerlərdə bu rəqəm hər kilometr üçün 24 milyon dolları da keçir.
Bu hesabla hələlik 1 kilometr yola pul xərcləməyə «səxavət» sarıdan Azərbaycana çatan yoxdur. Məsələn, Azərbaycanda məmura 100 milyon dollar verəndə 5.5 kilometr yol çəkir. Eyni məbləğdə pula ABŞ-dakı məmur 17 kilometr, avropalı məmur 14.5 kilometr, çinli isə 45.5 kilometr yol çəkir (“Azadlıq” radiosu).