ABŞ məhkəməsi somalili eks baş naziri cəzalandırdı

Məhəmməd Əli Samantar işgəncə verdiyi şəxslərə 21 milyon təzminat ödəyəcək

ABŞ Ali Məhkəməsi işgəncə etdiyi iddiasıyla mühakimə olunan Somalinin keçmiş baş naziri Məhəmməd Əli Samantarı 21 milyon dollar təzminat ödəməyə məhkum edib. Virciniya ştatının Feyrfaks yaşayan Samantar barəsində 8 ildir davam edən prosesi sonlandıran məhkəmə eks baş nazirin 21 milyon dolları 7 somalili şikayətçiyə ödəməsi barədə qərar çıxarıb. Əlavə edək ki, Məhəmməd Əli Samantar Somali diktatoru Siad Barre rejimi zamanında yüksək vəzifəli komandanlardan biri olub.

Virciniya ştatının Aleksandriya şəhərindəki federal məhkəmədə açılan iddiada Samantarın Somalidə baş nazir və yüksək vəzifəli komandan olduğu vaxt ölkədəki etnik azlıqlardan ibarət klan üzvlərinin öldürülməsi və onlara işgəncə olunmasına şəxsən əmr verməkdə günahlandırılırdı.
Haqqındakı ittihamları rədd edən Samantar isə mühakimə toxunulmazlığı olduğunu irəli sürürdü. Lakin ABŞ məhkəməsi onun iddialarının əsassız olduğunu bildirərək eks baş naziri günahkar sayıb.