Dövlət Neft Şirkətindən yenə xoş xəbər almışıq, orada deyilir ki, ARDNŞ 2018-ci ilədək Türkiyə iqtisadiyyatına 17 milyard dollar məbləğində sərmayə yatırmaqla qardaş ölkədə “Sabancı” və “Koç” holdinqləri ilə birlikdə ən nəhəng üç şirkətdən biri olacaq.
“Sabançı” və “Koç” özəl şirkətlərdir, ARDNŞ isə Allah qoymasa, guya bizdə dövlət şirkətidir, amma o da özünü elə holdinq kimi aparır. Birbaşa hakim ailənin nəzarətindədir, ictimai nəzarətə qapalıdır, şəffaflığı sıfıra bərabərdir, camaatın onun nə qədər qazanıb, nə qədər, hara və necə xərclədiyindən xəbəri yoxdur.
Yaradıcı camaatımız təzəlikcə ARDNŞ-in abreviaturasına maraqlı bir izah tapmışdı: Abdullayev Rövnəqin Dədəsinin Neft Şirkəti. Mən bununla razı deyiləm, əslində, ARDNŞ-in adı belə oxunmalıdır: Abdullayev Rövnəqin Daydayısının Neft Şirkəti. Burada “daydayı”, əlbəttə, əlahəzrətdir. Şübhə yoxdur ki, Rövnəq müəllim orada faizə oturub, əsas pullar ailənin kassasını doldurur.
Neftin tərkibindəki hamam suyu
Qayıdaq yazının əvvəlinə. ARDNŞ-in Türkiyə iqtisadiyyatına yaxın 6 ildə 17 milyard dollar investisiya qoymasını biz tıpkı onun Monteneqroda istirahət mərkəzi tikməsi xəbəri kimi xarici mətbuatdan oxuduq, öyrəndik. Çünki hər bir yaptokrat məmur və dövlət qurumu kimi, ARDNŞ də xalq-zad hərləmir, özünü ona məlumat və hesabat verməyə borclu saymır, bizim bunların gözündə bir barrel neft qədər dəyərimiz yoxdur. Onlar üçün biz, ümumiyyətlə, mövcud deyilik, yoxuq, bitkidən heç nə ilə fərqlənmirik, ya da sadəcə yeriyən ölülərik.
Məncə, NASA Marsla, Ayla uğraşmağı bir kənara qoymalı, başqa planetlərdə həyat olub-olmadığını, orada insanların yaşayıb-yaşamadığını öyrənməkdən vaz keçməlidir. Hazırda elmin əsas sualı, tədqiqat obyekti bu olmalıdır: “Azərbaycanda həyat varmı?”, “Azərbaycanda insan yaşayırmı?”.
Açığı, ARDNŞ-in Türkiyəyə bu qədər iri investisiya qoymasının səbəbi də düşündürücüdür. Bu, əlbəttə, “bir millət, iki dövlət” nağıllarından-zad irəli gəlmir. Biz Ilham Əliyevin Türkiyəyə gerçək münasibətini Vikiliks-dən oxumuşuq, bilirik, o, Türkiyəni bir enerji ölkəsi kimi görmək istəmədiyini açıq bəyan edib.
Elə isə nədir bu 17 milyardlıq səxavətin, əliaçıqlılığın sirri? Iqtisadçı dostlardan biri bunu AKP iqtidarına “mədəni rüşvət” hesab edir. Mümkündür. Təzəlikcə bizim hakimiyyət ABŞ-ın neft sənayesinə də yatırım qoymaq fikrinə düşmüşdü, bunun Hillari Klintonun Bakı səfərində müzakirə mövzusu olduğunu və müsbət cavab verilmədiyini də bilirik. Bunlar hamısı həqiqətən də 2013 və sonrasında Azərbaycanla bağlı həlledici söz sahibləri sayılan ölkələri ələ almaq cəhdləri ola bilər.
Amma Əliyev rejimi “hamam suyu ilə özünə dost axtararkən” bunu da unutmamalıdır: artıq avtoritar, totalitar rejimlərin belə yollarla varlığını sürdürmək, ömrünü uzatmaq istəməsi o qədər də asan deyil. Uzağa getməyək, elə götürək Qəzzafini – Türkiyəyə ildə 11 milyardlıq xeyir verirdi, axırı nə oldu? Liviya despotizmindən ilk üz çevirənlərdən biri Türkiyə idi. Ya da Suriyada xalq ayaqlanmasından az əvvəl Ərdoğanın Dəməşqə gedib, Bəşər Əsədlə necə sarmaş-dolaş olduğu, bir-birlərinə nə qədər ürəkdən “dost və qardaş” deyə xitab etdikləri yaddan çıxmayıb. Amma bu gün Əsəd rejiminin çökdürülməsində Suriya müxalifətindən sonra ən fəal iştirak edənlərdən biri, bəlkə də birincisi Türkiyədir.
Bir sözlə, artıq hamam suyu ilə tutulan dostluqlar dövrü arxada qalıb. Bu gün öz xalqı ilə dost olmadan başqaları ilə dost olmaq heç bir yırtıcı hakimiyyətin uzunömürlülüyünün təminatı deyil. Yaptokratiya isə ölkənin sərvətlərini bir tərəfdən özü sümürüb, o biri tərəfdən də hakimiyyətini qorumaq adına başqalarına peşkəş eləməklə cinayətlərinin sırasına yenisini əlavə etməkdən başqa bir şey qazanmır.
***
Bunların atdığı hər addım artıq yeni bir cinayət deməkdir. Yeni bir pislik deməkdir.
Bunlar hakimiyyətdə qalmaqla özləri özlərinə pislik edirlər artıq. Hər gün bir az da çıxılmaza girirlər. Hər gün bir az da cinayətlərini ağırlaşdırırlar. Hər gün bir az da çox rüsvay olurlar.
Artıq bunların hakimiyyətdə qalması bizdən çox özlərinin ziyanınadır. Bizdən çox özlərinə zərərdir.
Azacıq düşünmək qabiliyyətləri, ağılları olsa, özləri də görəcəklər bunu. Yenə də özləri bilərlər.
Onlara yaxşı, bizə daha yaxşı!

Bundan sonra hakimiyyətdə qalmaq ən çox kimə ziyandır?
•
•