Bilirəm ki, inanmayacaqsınız və dərhal sual edəcəksiniz. Harada? Nə vaxt? Ilham Əliyev şəxsən özü illərdir Azərbaycanın inkişafından danışır. Rəsmi təbliğat ölkəmizin inkişafından o qədər bəhs edir ki, “analoqu olmayan inkişaf” kəlməsini eşitmədiyimiz bir gün olmur. TV-lərimiz Almaniyanın, Italiyanın böhranda batdığını, Avropanın, Amerikanın təntidiyini, Azərbaycanın isə hətta bu ağır dünya böhranı zamanı da inkişaf etdiyini dayanmadan bəyan edir. Hətta hökumətin son iclaslarının birində Ilham Əliyev başqa dövlətlərin Azərbaycandakı inkişafa paxıllıq etdiyini demişdi…
Bu halda mən nə əsasla onun Azərbaycanın inkişaf etmədiyini deməsini sizə bəyan edirəm?
Öncə bu məsələyə diqqət yetirin…
Bu günlərdə Rusiya da Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil oldu. Həmçinin Azərbaycanın bu təşkilata üzv olmaqla bağlı danışıqlara başlamasının 15 ili tamam olur. Nə üçün gecikir bu vacib məsələ? Bu 15 ildə həll olunmayan nə var axı?
Çox təəssüf edirəm ki, Azərbaycanda vətəndaş cəmiyyəti, siyasi partiyalar, mətbuat bu məsələyə çox az diqqət ayırır. Halbuki eskpertlər ÜTT-yə daxil olmağın ölkəmiz üçün hava və su kimi vacib olduğunu tez-tez bəyan edir. Bu, korrupsiyanın və inhisarçılığın kökünü kəsməyin vacib şərtlərindən biridir. Ümumiyyətlə, ÜTT-yə üzv olmaq ölkə iqtisadiyyatının inkişafı üçün çox lazımlıdır.
Amma 15 ildə ölkəmiz buna nail olmayıb. Nə əcəb BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyü kimi statusla fəxr edən hakimiyyətimiz bu məsələdə tələsmir?
Gəlin dağa-arana baş vurmayaq, hamıya gün kimi aydındır ki, Azərbaycanın ÜTT-yə üzvlüyü hakimiyyətin özünün marağında deyil. Çünki bu halda gömrük, ticarət və xidmət sahəsindəki rüşvətxorluq, inhisarçılıq üçün başağrısı yaranacaq. Bu günlərdə Azərbaycandan 48 milyard dolların çıxarılması gündəmə gəldi. ÜTT-yə üzvlük bu cür milyardları oğurlamağa və ölkədən çıxarmağa ciddi əngəl olacaq məsələdir. Səbəb bu qədər sadədir.
Bəs bəhanələr hansılardır? Bax həmin bəhanələri saf-çürük edəndə çox maraqlı bir məsələ ortaya çıxır…
Azərbaycanın mövqeyi: “Azərbaycan inkişaf etmiş ölkə deyil”
Azərbaycan bir çox səbəblərlə ÜTT üzvlüyündən yayınır. Amma bəhanələrdən biri adamı xeyli təəccübləndirə və güldürə bilər. Yada salaq ki, istənilən ölkə bu təşkilata iki statusdan biri ilə daxil ola bilər: Inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkə kimi. Prinsipal bir fərqi yoxdur. Amma bəzi ölkələr var ki, Azərbaycanın təşkilata inkişaf etmiş ölkə kimi daxil olmasını tələb edir – pulu çoxdur, zəngin neft ölkəsidir və s. Bunlar hansı ölkələrdir, bilinmir, bəlkə də onlar Azərbaycan hakimiyyətinin özünün xahişi ilə belə tələb irəli sürürlər. Bəlkə də yox. Amma bizim hökumət də dirənib durub ki, yox, AZƏRBAYCAN INKIŞAF ETMIŞ ÖLKƏ DEYIL, o yalnız hələ inkişaf etməkdə olan ölkə kimi ÜTT-yə üzv olmaq istəyir. Guya bizim ÜTT-yə üzvlüyə əngəl olan səbəb də budur…
Azərbaycanın rəsmi mövqeyi isə Ilham Əliyevin mövqeyidir. Çünki ölkənin ÜTT-yə üzvlüyünün ən yüksəkdə səviyyədə müzakirə edildiyinə heç kimin şübhəsi olmasın. Hətta ABŞ dövlət katibi Hillari Klinton Bakıya son səfərində ölkəmizin ÜTT-yə üzvlüyü məsələsinə ayrıca toxunmuşdu.
Indi sual edilir ki, bəs analoqu olmayan inkişafa nə oldu? Azərbaycan inkişaf etmiş ölkə deyilsə, ÜTT-də bunu deyirsinizsə, xalqa niyə ölkənin inkişaf etdiyini hər gün və hər saat bəyan edirsiniz?

İnanmayacaqsınız: Ilham Əliyev Azərbaycanın inkişaf etmədiyini deyir…
•