Nə etməli və nədən başlamalı?

Mayakovskinin şeirlərindən birində maraqlı bir fikir vardı: bir iclas çağırıb bütün iclasları ləğv etmək lazımdır! O gün müxalifətin daha bir təşkilat təsis etmək istəyi haqda oxuyanda qeyri-ixtiyari olaraq bu fikir keçdi beynimdən.
Doğrudan da daha bir təşkilata ehtiyac varmı? Indi Ictimai Palata var, mənə elə gəlir ki, normal da fəaliyyət göstərir, insanlar toplaşır, nələrisə müzakirə edirlər. Mənim bu “siyasi kombinatorika” cəhdlərinə, eyni təşkilatın bazasında müxtəlif “yeni təşkilatlar” yaratmaq istəyinə həmişə acığım tutur. Bacarırsınızsa, əsl yeni təşkilat yaradın, yeni adamları cəlb edin. Lakin bunu etmirlər, hər dəfə eyni təşkilatlar və eyni adamlar… Biz də “evin sirri”ni çölə çıxarmamaq xatirinə onları vəsf edirik, hay-küy salırıq ki, bəs, qoymayın bu müxalifət yeni formatda birləşir, bu birlik əvvəlkilərdən olmayacaq… Amma hər dəfə baxıb görürük ki, eyni adamlardır. Ona görə də siyasi gündəmdə o birləşmək sözündən ucuz söz yoxdur, tamam dəyərsizləşib, ucuzlaşıb. Bunları deməklə təzə heç nə kəşf etmirəm, hamıya məlum şeyləri deyir, ona diqqəti yönəltmək istəyirəm ki, qoy, Ictimai Palata müxalifətin son birliyi və son formatı olsun. Onu genişləndirmək də mümkündü, təzə təşkilatları cəlb etmək də. Burada daha bir məqama diqqəti yönəltmək istərdim. Əvvəl nəsə etmək lazımdır. Və o “nəsə” üçün əgər birlik lazımdırsa, onda onu yaratmaq haqqında düşünmək olar. Yoxsa əvvəl birlik yaratmaq eşqinə düşmək, daha sonra isə nə edəcəyini axtarmaq, artıq insanlarda qıcıq yaradır. Ona görə də insanlar bizim rəngarəng formatlara maraq göstərmirlər. Belə getsə, heç bir vaxt maraq göstərməyəcəklər də. O gün təsadüfən bir tanışımla rastlaşdım. Bu adam maraqlı şey deyirdi. Deyirdi ki, toplaşıb bir çıxış yolu axtarmaq və buna səfərbər olmaq lazımdı. Bizim bütün səylərimiz hakimiyyətin tənqidinə yönəlib. Bu doğrudur, bunu etməliyik. Amma bizə elə gəlir ki, bunları tənqid edib, faktları açsaq, cəmiyyət özü kükrəyib ayağa qalxacaq. Amma qalxmır və qalxmayacaq da! Hətta efir problemi də qismən həll olundu. Amma nəsə baş verdimi? Cəmiyyət ayağa qalxdımı? Qalxmadı! Bunun səbəbləri haqda düşünmək lazımdır. Biz necə edək ki, ictimai dinamika yaransın? Insanların passiv, seyrçi marağı aktiv müqavimətə, hərəkətə çevrilsin? Bunun haqda mən nəsə maraqlı bir fikir eşitmirəm. Heç vaxt yadımdan çıxmaz. 2003-cü il idi. Müxalifətin etirazını seyr edən bir tanışım dedi ki, bunların 10 illik qəzəb və kini, 10 illik hazırlığı bu idimi? O vaxt mən bu suala cavab tapmadım. Elə indi də həmin sualın cavabını bilmirəm. Bəlkə də primitiv şeylər haqda danışıram. Amma əvvəl məqsəd olmalıdır, sonra bu məqsəd üçün vasitələr axtarmaq lazımdır. Bu vasitələrdən biri də geniş formatlı birlik ola bilər. Onu yaratmaq da asan məsələ deyil, bunu da etiraf edirəm. Lakin bu vacib olan bütün işlərdən bəlkə də ən asanıdır. Indi biz ictimai rəy üçün işləyirik. Bəli, bəlkə də azad seçkilər olsaydı, bununla da müxalifətin işini bitmiş saymaq olardı. Məlumat almış insanlar öz qənaətlərini seçkidə ifadə edərdi. Bunun əsasında bizim işimizin nə qədər effektiv olduğunu müəyyən etmək, sonrası haqda qərarlar çıxarmaq olardı. Indi bunların heç biri yoxdur. Nə azad seçki var, nə də həmin seçkilərdə azad ictimai rəyin ifadəsi. Bəs nə etməli? Daha yaxşı olmazdımı ki, müzakirələrin biri məhz bu suala həsr olunsun və buna bir cavab tapmağa cəhd edilsin. Mən bilirəm ki, bu cavabı tapmaq o qədər də asan məsələ deyil. Bəlkə də bu gün ona cavab vermək heç mümkün də deyil. Lakin tarixi təcrübə göstərir ki, hətta ən ağır rejimlərdə müqavimət və mübarizə olub, insanlar nəsə ediblər. Biz də nəsə edirik, amma teatrallığa o qədər aludə oluruq ki, özümüz öz səylərimizlə düşdüyümüz vəziyyət haqda yanlış təsəvvür yaradırıq. Bəli, eşidirsən ki, “seçki prosesinə hazırlıq üçün” müxalifət yeni formatda birləşmək istəyir. Dərhal da sual yaranır: Əcəba, bu ölkədə seçki olurmu? Yanlış məqsəd həmişə yanlış da taktika yaradır. Bunu nə az, nə də çox, düz 19 ildir görürük…