Yerlərdə quruma üzv olanların sayı günbəgün artır
Ictimai Palataya gələnlərin sayı günbəgün artır. Tək paytaxtda deyil, ətraf şəhərlərdə və bölgələrdə də insanlar bu quruma axın edirlər.
AXCP Saatlı rayon şöbəsinin sədri Şamil Hacıbəyli Ictimai Palatanın yerli təşkilatına 7 yeni üzv qəbul edildiyini bildirir: “Onların 6-sı ictimaiyyət nümayəndəsi, biri isə QHT təmsilçisi idi. Müraciət edənlərin sayı çoxdur. Qarşıdakı günlərdə həmin müraciətlərə də baxılacaq”.
IP-in Saatlı şöbəsinin son iclasında bir sıra məsələləri müzakirəyə çıxardıqlarını deyən Ş.Hacıbəyli əsas şikayətin ünvanlı sosial yardımla bağlı olduğunu bildirib: “Vətəndaşlar şikayət edirlər ki, ünvanlı sosial yardımları kimlərinsə adına rəsmiləşdirib mənimsəyirlər. Şikayətlər həddən artıq çox olduğu üçün biz bu məsələni ictimailəşdirməyi düşünürük. AXCP sədrinə olan son təzyiqlər də müzakirə edildi və Əli bəy Ictimai Palatanın Saatlı şöbəsinin dəstəyi ifadə olundu”.
AXCP Səbayel rayon təşkilatının sədri Saqif Qurbanov bildirir ki, son günlər ərzində IP-ə AXCP-dən 35, Müsavatdan 13, KXCP-dən isə 1 nəfər yeni üzv qəbul edilib: “Ümumilikdə IP-in Səbayel şöbəsində AXCP-dən 145, Müsavatdan 93 və o biri partiyaların hər birindən 4-5 nəfər üzvümüz var. Proses davam edir və qarşıdakı günlərdə Ictimai Palataya gələnlərin sayı artacaq. Növbəti mərhələ üçün hədəfimizdə yalnız AXCP-dən 50 nəfər var”.
AXCP Sumqayıt şəhər şöbəsinin sədri Kamaləddin Vilayətoğlunun sözlərinə görə, Ictimai Palatanın yerli təşkilatının avqustun 26-da növəbəti sessiyası keçirilib. Sessiyada Ictimai Palataya 25 yeni üzv qəbul olunub: “Toplantıda AXCP-dən 48, Müsavatdan 18, AMIP-dən
5, VHP-dən 6 nəfər iştirak edirdi. Yeni üzv olan 25 nəfərin hamısı Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri idi.
Ümumiyyətlə son vaxtlar Sumqayıtda siyasi aktivlik artıb. Bugünlərdə 3 gənc YAP üzvlüyündən çıxaraq AXCP-yə gəlib. Onlar YAP-dan Əli bəyə qarşı baş verən son təxribata görə çıxıblar”.