Rusiyanın sərhəddə qoşun toplaması Azərbaycana qarşıdır

Vəfa Quluzadə: «Azərbaycan ehtiyatlı olmalı və özünü qorumalıdır»

Rusiyanın Gürcüstan və Azərbaycanla həmsərhəd ərazilərə qoşun topladığı barədə növbəti dəfə məlumatlar yayılıb. Bəzi məlumatlara görə, bu hazırlıqda məqsəd qışadək Dağıstandakı mücahidlərin dağ bazalarını məhv etməkdir. Başqa bir məlumata görə isə, Rusiya Gürcüstana qarşı hərbi əməliyyatlara başlamaq üçün hazırlıq görür.
Hələ bir müddət əvvəl Amerikanın Irana qarşı əməliyyata başladığı halda, Rusiyanın Gürcüstana qoşun yeridəcəyi barədə məlumatlar yer almışdı. Məqsəd isə Ermənistandakı hərbi bazasını blokadadan çıxarmaqdı. Xatırladaq ki, 2008-ci ildə də Rusiya gizli şəkildə qüvvələri sərhəddə yerləşdirəndən sonra Gürcüstana daxil olmuşdu. Bu dəfə də belə bir addım atıla bilərmi?
Politoloq Vəfa Quluzadə Rusiyadan hər bir addımın gözlənilən olduğunu deyir. Lakin rahatlıq verən bir məqam var. Bu da Rusiya ordusunun zəifliyidir. Digər tərəfdən, ekspert Rusiyanın Ermənistandakı hərbi bazasına heç yerdən təhlükənin gözlənilmədiyini deyir. Bu səbəbdən də əsas təhlükə Azərbaycan üçündür. Rusiyanın sərhəddə qoşun toplanması Azərbaycanda provakasiya həyata keçirmək mümkünlüyü yaradır. Ona görə də Azərbaycan ehtiyatlı olmalı və özünü qorumalıdır.
Ekspert bir neçə il əvvəl də Rusiyanın Azərbaycanla sərhəddə qoşun yığdığını xatırlatdı: “Vaxtilə şimal istiqamətində qoşun yığılmışdı. Qoşunların tərkibində xeyli azərbaycanlılar var idi. Şayiələr yayılmışdı ki, bu qoşunlar Ayaz Mütəllibovu Azərbaycanda hakimiyyətə gətirəcək. O vaxt diplomatik və siyasi kanallarla təhlükəni dəf etmək mümkün oldu. Amma indi yenidən təhlükə yarana bilər. Ona görə də hakimiyyət ayıq olmalıdır”.
Ekspertin sözlərinə görə, Rusiya gözdən pərdə asmaq məqsədi ilə bu cür informasiyalar yayır. Əsas məqsəd başqadır. Çünki Gürcüstana hücum gözlənilmir. Deməli, qalır Azərbaycan.

Fizzə