Nəsə baş verir…

 

 

Avropa Komissiyasının sədri Joze Manuel Barrozonun ardınca Bakıya Rusiya Prezident Administrasiyasının rəhbəri də gəlir. Sergey Narışkin yanvarın 22-də paytaxtımızda Rusiya Informasiya və Mədəniyyət Mərkəzinin yeni binasının açılış mərasimində iştirak etməlidir. Xəbər agentlikləri bunu səfərin əsas məqsədi kimi qeyd edir. Amma məhz belə yüksək səviyyəli nümayəndənin bu kiçik tədbirə qatılması da səfərin başqa məqsədlərinin olmasına açıq işarədir…

Son dövrlərdə həmişə belə olub. Qərblilərlə rusiyalılar, elə bil, bir-birinin ovcunun içini iyləyiblər, Avropadan, ABŞ-dan Azərbaycanın strateji seçiminə təsir edəcək bir səfər, bir görüş gerçəkləşən kimi, ruslar hərəkətə keçir. Bundan sonra da Ilham Əliyev tez-tez Moskvaya gedir, xeyli Qarabağdan danışılır, xizək sürürlər, S.Sərkisyanla üçtərəfli görüşlər olur və s. Bunlar mülahizələr deyil, ardıcıl müşahidələrdir.

Yenə də gəlhagəldir…

Joze Manuel Barrozonun Bakıya səfəri zamanı imzalanan bəyannaməni heç də hamı gözləmirdi. Açığı bu sənəd hələ hüquqi xarakter daşımır, amma Ilham Əliyevin həmin sənəddə nəzərdə tutulan (Rusiyadan yan keçən) neft-qaz kəmərlərindən qaçması elə uzaq dövrün söhbəti deyil. Belə bir bəyannaməni Bakıda keçirilən Neft-Qaz Sammitində də imzalamaq mümkün olmamışdı. Tədbir bir gün uzanmış, bütün gecəni söhbətlər davam etmişdi, Azərbaycan tərəfi bənzər bəyannaməyə imza atmamış, nəhayət, xala xətrin qalmasın mənası verən, mücərrəd, konkretlikdən uzaq olan, heç nə bəyan etməyən bir bəyannamə imzalamışdılar və söhbət bitmişdi. Elə o zamandan Qərbin çox sevimli, Rusiyanın isə görməyə gözü olmayan “Nabukko” (Sabir Rüstəmxanlının ana müxalifət partiyasının sədri olmasından sonra ana dili tələblərini artırmasına görə, belə yazıram) layihəsinə rəhmət oxunmuşdu. Bu günlərə kimi heç kim o layihənin və bənzərlərinin həyat qazanacağına inanmırdı. Bu müzakirələrdə bizim hakimiyyət hətta Türkiyəyə də əməlli-başlı dirsək göstərmişdi – söhbətin Vikiliks (Sabir Rüstəmxanlının ana müxalifət partiyasının sədri olmasından sonra ana dili tələblərini artırmasına görə, belə yazıram) versiyalarını da bilməmiş olmazsınız.

Hadisələr çox uzağa getmişdi. Ilham Əliyev Qərbi heç Ermənistan yerinə qoymurdu, az qala müxalifətə söylədiyi kimi, Avropanın və ABŞ-ın da naftalin iyi verdiyini deyəcəkdi. Rusiya ilə qardaşlıq isə gün-gündən artırdı. Amma birdən… nəsə oldu. Rusiya özgə nələrsə tələb etdi, ya Qərbmi sifətini dəyişdi, Azərbaycanmı başqa xəyallara düşdü, bilmirəm, amma fakt odur ki, hər şey bir-birinə qarışdı. Rusiya isə Ermənistanla Azərbaycanı təhdid edən hərbi müqavilə imzaladı. Deyəsən, ara da dəydi – həm Qərblə, həm Rusiya ilə…

Amma indi də deyəsən, nəsə baş verir. Gözlənilmədən Barrozo ilə bəyannamə imzalandı, indi  də Sergey Narışkin gəlir. Bu məqamda adamın ağlına bir şeylər gəlməyə bilməz…

Qərblə Rusiya arasında rəqs davam edəcəkmi?

Bundan sonra necə olacaq? Ilham Əliyev Rusiyanın acığına gedəcək bir xətti davam etdirməyə güc tapacaqmı? Borrozonun gəlişi xarici siyasətdə yeni yol xəritəsidirmi? Amma bu suallar normal bir halda səslənə bilərdi. Indi isə gözəl anlayırıq ki, Ilham Əliyevin manevr imkanları kimi bu suallar da dalana dirənib…

Axı bu, təkcə cəsarət məsələsi deyil, təkcə xarici siyasət məsələsi də deyil. Belə hallarda manevr etmək üçün Azərbaycan kimi kiçik ölkələrin demokratik, möhkəm, ədalətə və qanunlara söykənən cəmiyyəti olmalıdır. Azərbaycan kimi ölkələrdə manevr etmək üçün bir siyasətçinin xalqdan dayağı olmalıdır. Siyasi rejimin oğru və rüşvətxor əlavəsinə çevrilən polis rejiminə arxalanan hökumətlər yalnız ortada rəqs edə bilərlər. Bu halda gərək hamının marağını təmin etməyə bacarığın ola, ölkə, xalq isə batsa da, batsın. Və Rasim Musabəyov, Musa Qasımlı kimi politoloqların canı sağı olsun…